Yuxarı

​Azərbaycanda lizinqə verilmiş 114 kənd təsərrüfatı texnikasına güzəşt tətbiq edilib

Kənd təsərrüfatı naziri kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb

Bakı. 14 iyun. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb.

Kənd Təssərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə Saatlı, Sabirabad, İmişli, Hacıqabul və Cəbrayıl rayonlarından olan 71 istifadəçiyə lizinqə verilmiş ümumilikdə 1 530,385 min. manat məbləğində 114 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 562,681 min manat məbləğində güzəşt tətbiq edilib.

Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 38 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib, sənədlər vətəndaşlara təqdim olunub. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20%-ni ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı Cəmiyyətin əməkdaşları tərəfindən xidmət göstərilib.

Bildirilib ki, “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən 5818 istifadəçinin lizinqə götürdüyü 13 020 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına ümumilikdə 68 297,542 min manat məbləğində güzəşt tətbiq edilib.

Həmin gün pambıq sahələrinə də baxış keçirən nazir Heydər Əsədov, pambığın çıxış vəziyyəti ilə tanış olub. Həmçinin taxıl toxumçuluğu sahələrində taxıl biçini prosesi, təkrar əkinlər, “0” becərmə texnologiyası ilə yaxından tanış olub, fermer və sahibkarlarla fikir mübadiləsi aparılıb.

Sonra nazir Heydər Əsədov Sarıcalar kəndində "MKTİK" MMC innovasiya mərkəzində yeni gətirilmiş kənd təsərrüfatı texnikalarına baxıb. Bildirilib ki, 2016-cı ildə "Aqrolizinq" ASC tərəfindən respublikaya pambıqçılıq üçün 94,69 mln. manat məbləğində 127 ədəd müasir pambıqyığan kombayn, 284 ədəd traktor, o cümlədən pambığın becərilməsində istifadə olunan 192 ədəd MTZ-80x markalı traktorlar və 1363 ədəd müxtəlif asılan və qoşulan texnikaların gətirilməsi nəzərdə tutulur. Hal-hazırda onlardan cəmi 13,342 mln manat dəyərində 148 ədəd MTZ-80x markalı traktorlar, 659 ədəd müxtəlif kənd təsərrüfatı texnikaları, o cümlədən 5,920 mln manat məbləğində MTZ-80x markalı traktorlar alınaraq “MKTİK” MMC, “CTS-Aqro” MMC və “Şamo” MMC-nin istifadəsinə verilib. Qalan texnikalar isə cari ilin avqust ayının sonuna kimi respublikaya gətirilərək istifadəyə veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi