Azərbaycanda kənd təsərrüfatı istehsalı 6% artıb

Azərbaycanda kənd təsərrüfatı istehsalı 6% artıb Bu ilin yanvar-may aylarında bitkiçilik sahəsində istehsal 24%, heyvandarlıqda isə 3,3% artıb
ASK
16 İyun , 2016 11:32
Azərbaycanda kənd təsərrüfatı istehsalı 6% artıb

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-may aylarında kənd təsərrüfatı məhsullarının istehsalı illik müqayisədə 5,8%, o cümlədən bitkiçilik sahəsində 24,0%, heyvandarlıqda isə 3,3% artıb.

Dövlət Statistika Komitəsindən "Report"a daxil olan məlumata görə, yaz-tarla işləri başa çatmaq üzrədir. İyun ayının 1-nə kimi 359,6 min hektar sahədə yazlıq bitkilərin əkini aparılıb. Həmin dövrdə 23,2 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 35,4 min hektar sahədə qarğıdalı (ondan 34,4 min hektarı dən üçün), 60,8 min hektar sahədə kartof, 71,2 min hektar sahədə tərəvəz, 25,1 min hektar sahədə bostan bitkiləri, 50,9 min hektar sahədə pambıq, 6,8 min hektar sahədə şəkər çuğunduru, 7,5 min hektar sahədə dən üçün günəbaxan, 2,1 min hektar sahədə tütün, 72,1 min hektar sahədə çoxillik otlar, 2,2 min hektar sahədə birillik otlar, 165 hektar sahədə yemlik kökümeyvəlilər və 2,1 min hektar sahədə s. bitkilər əkilib.  

Yaz-tarla işləri ilə yanaşı artıq kənd təsərrüfatı məhsullarının kütləvi yığımına başlanılıb. Belə ki, havaların əlverişli keçməsi ilə əlaqədar olaraq bu il taxıl biçininə bir qədər tez başlanılıb. İyunun 1-nə kimi tarlalardan 78,0 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 66,4 min ton çox dənli və dənli paxlalı bitkilər (qarğıdalısız) yığılıb. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 6,7 dəfə çoxdur. 

Həmçinin, 55,6 min ton (1,1 min ton az) kartof, 100,6 min ton (13,8 min ton çox) tərəvəz, 11,3 min ton (1,6 min ton çox) meyvə və giləmeyvə, 404,3 ton (152,5 ton çox) yaşıl çay yarpağı yığılıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-may aylarında diri çəkidə ət istehsalı 2,7% artaraq 183,6 min ton, süd istehsalı 3,5% artaraq 813,8 min ton, yumurta istehsalı 5,4% artaraq 694,6 mln. ədəd, yun istehsalı isə 1,7% artaraq 13,1 min ton olub.

Son xəbərlər

Orphus sistemi