Yuxarı

Azərbaycanda kənd təsərrüfatı istehsalı 2,4% artıb

Ölkədə ət, süd, yumurta və yun istehsalı artıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanda 2016-cı ilin yanvar-avqust aylarında 305,3 min ton, yaxud əvvəlki ilin yanvar-avqust aylarına nisbətən 2,4% çox diri çəkidə ət, 1 331,7 min ton (2,3% çox) süd, 1 072,8 mln. ədəd (5,2% çox) yumurta, 16,2 min ton (1,8% çox) yun istehsal olunub. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, 2015-ci ilin yanvar-avqust ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,4%, o cümlədən bitkiçilik məhsulları istehsalı 2,1%, heyvandarlıq məhsulları istehsalı isə 2,8% artıb. 

Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı da davam edir. Sentyabr ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 961,6 min hektar əkin sahəsinin 958,2 min hektarı biçilib və həmin sahələrdən 2 833,5 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 29,6 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 13,9 min hektar dən üçün qarğıdalı sahəsindən 75,9 min ton məhsul götürülüb. 

Məhsul yığımı başlanandan sentyabrın 1-dək sahələrdən 734,4 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 49,4 min ton çox kartof, 985,6 min ton (25,9 min ton az) tərəvəz, 435,3 min ton (21,0 min ton az) bostan məhsulları, 355,5 min ton (2,9 min ton çox) meyvə və giləmeyvə, 34,5 min ton (2,7 min ton az) üzüm, 738,6 ton (359,2 ton çox) yaşıl çay yarpağı, 2 579 ton (183,6 ton çox) tütün yarpağı yığılıb. 

Hesabat dövründə sahələrdən 14,3 min ton və ya əvvəlki ilin eyni dövrünə nisbətən 752 ton az dən üçün günəbaxan məhsulu toplanıb. 2016-cı ildə emal üçün şəkər çuğunduru əkilib 7,1 min hektar sahənin 212,5 hektarından məhsulun toplanması həyata keçirilib və həmin sahələrdən hər hektardan orta hesabla 40,7 sentner olmaqla cari ilin avqust ayında 864 ton məhsul götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi