Yuxarı

​Azərbaycanda kartof güvəsinin yayılmasının qarşısının alınması ilə bağlı regional seminar-müşavirə keçiriləcək

Tədbirdə həmçinin zərərvericinin yayılma mənbələrinin məhv edilməsi ilə bağlı məsələlər müzakirə olunacaq

Bakı. 19 noyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin tədris korpusunda “Bitki mühafizəsinin müasir problemləri və fitosanitar tədbirlərin həyata keçirilməsinin elmi-praktik əsasları” mövzusunda regional seminar-müşavirə keçirəcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Mətbuat Katibliyindən "Report"a daxil olan xəbərə görə, noyabrın 21-də keçiriləcək tədbirdə Dövlət Xidmətinin yerli qurumları - rayon bitki mühafizəsi mərkəzləri, bitkilərin karantini məntəqələri, bioloji laboratoriyaların əməkdaşları, Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti və tələbələri, Elmi Tədqiqat Bitki Mühafizəsi və Texniki Bitkilər İnstitutunun əməkdaşları, bələdiyyələr, icra nümayəndələri, torpaq mülkiyyətçiləri və fermerlər iştirak edəcəklər.

Seminar-müşavirədə “Bitki mühafizəsinin müasir problemləri və həlli yolları”, “Respublika ərazisində kartof güvəsinin (Phthorimaea operculella Zell.) yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər planının icra vəziyyəti”, “Kartof bitkisi əkinlərində və üzüm bağlarında inteqrir mübarizə tədbirləri” mövzularında çıxışlar dinləniləcək və müvafiq müzakirələr aparılacaq.

Seminarın sonunda bitki mühafizəsi tədbirlərində beynəlxalq miqyasda geniş istifadə edilən, müasir tipli, ultra kiçik həcmli AU 8115 M və SCOUT 28 s-300 çiləyiciləri nümayişi olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi