Yuxarı
    Bağlamaq

    Azərbaycanda istixana sahəsinin inkişafı üçün təkliflər hazırlanır

    Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının nəzdində istixana sahəsi üzrə komissiya yaradılacaq

    Bakı. 7 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi və Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AMTA) birgə təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Müasir çağırışlar və istixana sektoru” mövzusunda dəyirmi masa təşkil olunub.

    Nazirlikdən “Report”a verilən xəbərə görə, tədbirdə İqtisadiyyat Nazirliyinin, istixana sahəsində fəaliyyət göstərən 50-yə yaxın aparıcı şirkətin, həmçinin qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyasının və Beynəlxalq Avtomobil Yükdaşıyıcıları Assosiasiyasının Dağıstan və Cənub Federal Dairələri üzrə rəhbərləri, yerli və xarici ekspertlər iştirak ediblər.

    AMTA sədri Bəşir Quliyev vurğulayıb ki, bu sektora aid sahibkarlıq inkişaf edib. O qeyd edib ki, aqrar sahədə əhəmiyyətli rolu olan istixana təsərrüfatları üçün ciddi ixrac potensialı yaradılıb: “Bu sahədə Azərbaycan üçün strateji bazar olan Rusiya və digər ölkələrə ixracın artırılması hədəf olub. Sözügedən sektorun inkişafa və ixracın artırılmasına dəstək üçün AMTA tərəfindən araşdırma və təhlillər aparılacaq”.

    Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyasının sədri Qleb Berezskiy, Beynəlxalq Avtomobil Yükdaşıyıcıları Assosiasiyasının Dağıstan və Cənub Federal Dairələri üzrə sədri Maqomed Hacıyev Azərbaycan istehsalçı və ixracatçıları ilə əməkdaşlıq barədə fikirlərini bölüşüblər.

    Tədbirdə müvafiq sahənin inkişafı üçün müxtəlif istiqamətlər üzrə müzakirələr aparılıb. Müzakirələrdə müasir tipli istixanaların yaradılması, bu sahədə peşəkar kadrların yetişdirilməsinin vacibliyi və digər mövzularda maraqlı təkliflər səsləndirilib.

    Daha sonra AMTA nəzdində istixana sahəsi üzrə komissiyanın yaradılması qərara alınıb, komissiyaya rəhbərlik edəcək sədr və müavinləri təyin olunub.

    Assosiasiyanın idarə heyəti növbəti görüşü regionların birində yerli kartof istehsalçıları ilə keçirməyi qərara alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi