Bakı. 16 fevral. REPORT.AZ/ Salyan rayonunun Qarabağlı kəndində ilk kollektiv istehsalat təsərrüfatı yaradılıb. "Report" xəbər verir ki, rayonda pərakəndə halda fəaliyyət göstərən torpaq mülkiyyətçilərini birləşdirmək diqqət mərkəzində saxlanılır. Xırda torpaq sahələrinin əkinə hazırlanması və becərmə işləri xeyli vəsait tələb etdiyindən torpaq sahibləri öhdələrindən olan sahələrdən bol məhsul götürə bilmirdilər. Nəhayət, rayonun Qarabağlı kəndində ilk kollektiv istehsalat təsərrüfatı yaradılıb.
Kollektiv istehsalat təsərrüfatını 1 937 pay sahibi birləşərək təsis edib. Beş təsərrüfatın təsis etdiyi təsərrüfat Qarabağlı, Kərimbəyli, Təzəkənd, Gomuşlu kəndlərini əhatə edir, 1000 hektardan artıq torpaq sahəsi var. Yeni yaradılan təsərrüfatda istehsalın intensivliyi təmin olunacaq, iqtisadi rentabellik və əhalinin məşğulluq səviyyəsi artacaq, yeni iş yerləri açılacaq.
Torpaq mülkiyyətçiləri öz mülkiyyətlərini kooperativ şəklində iri torpaqlara birləşdirmək yolu ilə əkib-becərməyə üstünlük verdiklərini deyirlər.
Yeni yaradılan ilk kollektiv istehsalat təsərrüfatında 500 hektar buğda, 200 hektar arpa, 100 hektar bostan-tərəvəz, 80 hektar çoxillik ot bitkilərinin əkini, 20 hektarda isə istixanaların salınması və 500 yeni iş yerinin açılması nəzərdə tutulub.