Azərbaycanda heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün ictimai birlik yaradılacaq

Azərbaycanda heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün ictimai birlik yaradılacaq Bu təşkilat heyvanların süni mayalandırılması ilə məşğul olan sahibkarları birləşdirəcək
ASK
27 Fevral , 2017 12:05
Azərbaycanda heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün ictimai birlik yaradılacaq

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanda heyvanların cins tərkibinin yaxşılaşdırılması, həm ölkədaxili tələbatı ödəmək, həm də xaricə ixrac potensialını artırmaq üçün heyvanların süni mayalandırılması ilə məşğul olan mütəxəssis - sahibkarların ictimai birliyinin yaradılması məsələsi nəzərdən keçirilir.

Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq şöbəsinin müdiri Qabil Əbdüləliyev bildirib.

"Azərbaycanda heyvanların Süni Mayalanma Mərkəzi inşa edilib. Hazırda orada son tamamlanma işləri aparılır. Eyni zamanda xaricdən 5 heyvan cins törədicisi də idxal edilib. İndi o heyvanların təlimi aparılır. Yaxın zamanda mərkəz də istifadəyə veriləcək. Bundan başqa, Azərbaycanda da iqtisadiyyat bazar formasında inkişaf edir və bütün aparıcı qüvvə sahibkara məxsusdur. Süni mayalanma mütəxəssiləri də sahibkarlıq fəaliyyəti göstərən şəxslərdirlər. Onlar ictimai birliyin yaradılması təşəbbüsü ilə çıxış ediblər. Kənd Təsərrüfatı Nazirliyi də bu ideyanı dəstəkləyib. Hazırda təşkilatın təşkilati-hüquqi formasının necə olması müzakirə edilir. Yaxın günlərdə ictimai birliyin nizamnaməsinin hazırlanması, layihəsinin müzakirə edilməsi planlaşdırılır. Daha sonra təsis iclası keçiriləcək və assosiasiya dövlət qeydiyyatına təqdim ediləcək", - deyə Q.Əbdüləliyev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün hazırda iki strategiya həyata keçirilir:

"Onlardan biri xaricdən yüksək məhsuldarlığa malik heyvanların idxal olunması, ikincisi, süni mayalandırma tədbirlərinin genişləndirilməsidir. Yəni, ilbəil süni mayalanmış hər yüz başdan alınan balaların sayının artırılması və s. tədbirlər nəzərdə tutulub. Özümüzü istehlak etdiyimiz heyvandarlıq məhsulları ilə təmin etmək üçün ən əlverişli yol süni mayalanma ilə mövcud heyvan cinslərini yaxşılaşdırıb, məhsuldarlığı artırmaqdır. Bu bir qədər çox vaxt tələb edəcək, amma məqbul üsuldur. Dörd nəslə bu gün genetik materialdan istifadə etdiyimiz heyvanın Azərbaycan mənşəli formasını yetişdirə biləcəyimizi gözləyirik. Heyvanların Süni Mayalanma Mərkəzi istifadəyə verildikdən sonra, respublikanın genetik materiala olan daxili tələbatı tam ödəniləcək, eyni zamanda ixrac potensialı da yaranacaq", - deyə şöbə müdiri vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi