Yuxarı

Azərbaycanda heyvandarlıqla bağlı zona müşavirələri keçiriləcək

Tədbirlərin məqsədi bölgələrdə heyvandarlığın inkişaf etdirilməsidir

Bakı. 11 aprel. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə aprelin 12-də Sabirabad rayonunda (Sabirabad, Saatlı, Hacıqabul və Cəbrayıl rayonları üzrə), aprelin 13-də isə Beyləqan rayonunda (Beyləqan, Füzuli, İmişli, Laçın və Xocavənd rayonları üzrə) heyvandarlıqla məşğul olan fermerlər, süni mayalanma və baytarlıq mütəxəssislərinin iştirakı ilə zona müşavirələri keçiriləcək.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, zona müşavirələrinin gündəliyinə zona baytarlıq laboratoriyalarının əhatə etdiyi rayonlar üzrə heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili mövzusunda məruzələr, habelə “Heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili və mövcud olan heyvan cinslərinin məhsuldarlığının yüksəldilməsi yolları”, “Yem istehsalında yeni texnologiyaların tətbiqi”, “Respublikanın müxtəlif bölgələri üzrə heyvanlarda rast gəlinən infeksion və invazion xəstəliklər və onlara qarşı mübarizə tədbirləri” kimi mövzularda təqdimatlar daxildir. Təqdimatlar Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik, Heyvandarlıq və Baytarlıq Elmi-Tədqiqat İnstitutları və Respublika Süni Mayalama Mərkəzinin əməkdaşları tərəfindən ediləcək.

Müşavirələrdə heyvandarlıq sahəsində prioritetlərin müəyyən edilməsi, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə fəaliyyətin genişləndirilməsi, istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri müzakirə ediləcək.

Müşavirələrin sonunda innovativ təcrübələrin nümayişi məqsədi ilə heyvandarlıq təsərrüfatlarına və yem bitkilərinin əkin sahələrinə səfərlər təşkil ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi