Azərbaycanda hansı suvarma texnologiyalarının tətbiqi müsbət dəyişikliklərə səbəb ola bilər?

Azərbaycanda hansı suvarma texnologiyalarının tətbiqi müsbət dəyişikliklərə səbəb ola bilər? Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Bununla yanaşı, ölkənin şirin su ehtiyatlarının 70-72 %-i ölkə hüdudlarından kənarda formalaşır. Belə olan təqdirdə suvarma sahəsində müasir texnologiyalar
ASK
25 İyul , 2022 17:00
Azərbaycanda hansı suvarma texnologiyalarının tətbiqi müsbət dəyişikliklərə səbəb ola bilər?

Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Bununla yanaşı, ölkənin şirin su ehtiyatlarının 70-72 %-i ölkə hüdudlarından kənarda formalaşır. Belə olan təqdirdə suvarma sahəsində müasir texnologiyaların tətbiqi həm suya qənaətə, həm də məhsuldarlığa səbəb ola bilər. Bəs hazırda ölkədə yeni texnologiyalara əsaslanan suvarma texnologiyaların tətbiqi genişlənirmi?

“Report” bununla bağlı aqrar sahə üzrə ekspert Köçəri Həsənovla həmsöhbət olub.

Onun sözlərinə görə, suvarma sistemi Azərbaycanda son 5-6 il ərzində əsaslı şəkildə dəyişir: “Ümumiyyətlə, sovet dövründən miras qalan suvarma infrastrukturu tamamilə yararsız idi. Prezident İlham Əliyevin göstərişi ilə 2007-ci ildən aqrar sektora dəstək proqramı həyata keçirilir. Aqrar sahəyə dəstək proqramının məqsədi bu sahənin daha da inkişafına yönəlib”.

Ekspert vurğulayıb ki, ölkədə ən mühüm məsələ bağçılıq, eləcə də digər təsərrüfatlarda suyun sahəyə gətirilməsi ilə bağlıdır: “Bunların hamısı mərhələ-mərhələ həll edilib. Hazırda ölkədə suvarmada yeni innovasiya texnologiyalarına söykənən müəyyən qurğular istifadə edilir. Suvarma sahəsində ən çox geniş yayılan damcı suvarma sistemidir ki, fermerlər bu sistemi son 2-3 il əzində sürətli şəkildə tətbiq edirlər. Azərbaycan küləkli ölkədir. Ona görə də əkilən məhsulların suya ehtiyacı daha çoxdur. Bu nöqteyi-nəzərdən damcı üsulu ilə suvarma sistemi Azərbaycan üçün daha məqsədəuyğun, daha mükəmməldir. İndi su hövzələrinin tikilməsi, regionda suyun bağ təsərrüfatlarına, aqrar sahələrə çatdırılması imkan yaradır ki, orda istənilən suvarma sistemindən istifadə edilsin”.

K.Həsənov qeyd edib ki, bu yaxınlarda Şəmkirdə olub: “Şəmkirdə sürətlə bağçılıq təsərrüfatları inkişaf edir. Demək olar ki, bağçılıqla məşğul olan bir sıra təsərrüfatların hamısı damcı üsulu ilə suvarma sistemlərindən istifadə edirlər. Damcılı suvarma sistemlərindən istifadədə birinci yerdə Şəmkir rayonu dayanır, ikinci yerdə Samux rayonudur. Samux rayonunda əkin-biçin sahələri yenidən dövriyyəyə cəlb edilir, orda böyük bağçılıq təsərrüfatları yaradılır. Ölkədə Ağstafa, Tovuz , Qazax, Masallı, Lənkəran, Sabirabad, Yardımlıda damcı üsulu ilə suvarma sistemlərindən istifadə edilir. Beyləqanda bağçılıq təsərrüfatı bir qədər az inkişaf etsə də orda suvarma sistemi daha çox inkişaf edib. Çünki Beyləqanda daha çox taxılçılıq inkişaf edib. Bir çox iri şirkətlər taxılçılıqla məşğuldular. Aran rayonlarında da damcılı suvarma sisteminin tətbiqi inkişaf edir. Bu yaxınlarda Yevlaxda bir təsərrüfatda oldum, təsərrüfatda təqribən 200 hektara yaxın gilas və digər meyvələr əkiblər. Bu təsərrüfat tamamilə damcılı suvarmadan istifadə edirlər.

Dağ rayonlarında suyun əlçatan olması bağçılıq üçün daha əlçatanlılıq yaradır. Xaçmaz -Quba təsərrüfatlarında damcılı suvarma sistemi tətbiq edilir. Ümumiyyətlə, ölkədə damcılı suvarma sistemi geniş tətbiq edilir”.

O əlavə edib ki, bu yaxınlarda böyük əraziyə malik bağ sahibi ilə həmsöhbət olub: “Bağ sahibi bildirib ki, Türkiyədə kəpənəklə suvarma sistemindən daha çox istifadə edilir. Bu, özü hərəkət edən bir mexanizmdir. Ona yüksək təzyiqli suyu qoşanda su onu hərəkətə gətirir və bununla böyük sahəni suvarmaq mümkün olur. Sahibkar bildirir ki, sistemlərdən 20 ədəd sifariş edib və bu, aqrar sektoru inkişaf etmiş ölkələrdə ən çox istifadə edilən sistemlərdən biridir. Burada elektrik enerjisi sərf edilmir, yalnız suyun özü ilə hərəkətə gətirilən hidromotorlar vasitəsilə hərəkətə gələn sistemlərdən istifadə edilir. Bu isə çox sərfəlidir. Son zamanlar müşahidə edirəm ki, xırda istehsalçılar var ki, aqrar sahədə istifadə edilən texnikaları istehsal edirlə.

Sözügedən suvarma modelinin (hidromotorlar vasitəsilə hərəkətə gələn sistemləri) kiçik bir hissəsini də Azərbaycanda istehsalını görmüşəm. Bu, 15 metr uzunluğunda idi, Türkiyənin istehsalı olan sistem isə 250 metrdir. Böyük bir sahəni proqramla da suvarmaq mümkündür. Daha inkişaf etmiş ölkələrdə aqrar sahədə bir nöqtədən idarəetmə sistemi var, məsələn kompüterdə hər hansı bir sahənin suvarma sistemini işə salmaq mümkündür. Azərbaycanda bu sektor da inkişaf edəcək. Amma hazırda daha çox damcılı üsul ilə suvarma sisteminə üstünlük verilir. Bu sistem suyu israf etmir”.

Eskpert qeyd edib ki, ümumiyyətlə, intensiv bağçılıq sistemində damcı üsulu ilə suvarma sistemi zəruridir: "Çünki, intensiv bağçılıqda əgər damcılı suvarma sistemi olmazsa , o zaman ağacların inkişafı mümkünsüzdür. Bilirsiniz ki, ağaclar hibrid ağaclardır. Məsələn, Azərbaycanda ən geniş yayılmış və inkişaf etmiş almaçılıq sektorudur. Həmçinin, gilas bağları, şaftalı, ərik bağları da intensiv üsulla salınır. Bağların yamaclarında əkilən ağacların hamısı damcı üsulu ilə suvanır".

K. Həsənov vurğulayıb ki, damcı üsulu ilə suvarma sistemində ağacların mnəhsuldarlığı 20-25 % artır: "Bu, suyun vaxtında ağaclara çatdırılması ilə bağlıdır".

Onun sözlərinə görə, hazırda ölkədə subsidiya proqramı tətbiq edilir və fermerlər lizinqdən yararlana bilərlər: "Fermerlər ərizə ilə müraciət edib qısa müddət ərzində subsidiya ala bilirlər, yəni süni maneələr yaradılmır. Bizdə əsas məsələ sahibkarların maarifləndirilməsidir. Kənd yerlərində, bağçılıq və aqrar sektorun digər sahələri ilə məşğul olanların çoxu sahə ilə bağlı geniş biliyə malik deyillər. Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə müəyyən tədbirlər görür, regionlarda panel müzakirələri təşkil edilir. Amma bu yetərli deyil".

K.Həsənov əlavə edib ki, Azərbaycanda sovet hakimiyyəti dövründən peşə məktəbləri var idi, o cümlədən aqrar sahə üzrə peşə məktəbləri fəaliyyət göstərirdi: “Peşə məktəbləri Sovet İttifaqı dağılandan sonra demək olar ki, həmin səviyyədə deyil. Hazırda Təhsil Nazirliyi peşə məktəblərin inkişafına, əsasən də intensiv bağçılıq sahəsi üzrə mütəxəssislərin yetişdirilməsinə nəzər yetirməlidir. Kənd təsərrüfatı sektorunun inkişafı mütəxəssislərin yetişməsi ilə ayaqlaşmır. Kənd təsərrüfatı sahəsinin inkişafı sürətli davam edir, bu sahədə subsidiya verilir, sahibaklar bu sektorun inkişafında maraqlıdırlar. Lakin mütəxəssislər çox azdır. Bağ sahibləri ilə görüşəndə daim bildirirlər ki, xaricdən aqronom gətirirlər və onlardan məsləhətlər alırlar".

Ekspert başqa bir məqama diqqət çəkib: "Bəzi bağ sahibləri çox vaxt ağaca, onun xüsusiyyətlərinə dərindən bələd olmadan dərman verirlər. Bu isə meyvəyə, ağaca pis təsir edir. Bu istiqamətdə dövlət nəzarəti gücləndirilməlidir. Çünki həmin meyvələr bizim süfrəmizə qoyulur".

Son xəbərlər

Orphus sistemi