Bakı. 3 mart. REPORT.AZ/ Martın 3-də Bakıda Avropa İttifaqının dəstəyi ilə "Oxfam"ın icra etdiyi "Azərbaycanda Milli Strategiya və Kiçik Fermer Təsərrüfatı vasitəsilə Ərzaq Təhlükəsizliyinin Təkmilləşdirilməsi" layihəsi çərçivəsində həyata keçirilmiş “Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri” adlı tədqiqat işinin təqdimatı keçirilib.
"Report" xəbər verir ki, tədqiqatın məqsədi Azərbaycanın kənd təsərrüfatı məhsulları üzrə xarici ticarət əlaqələrinin ərzaq təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi və qida məhsullarının xarici ticarəti zamanı mövcud maneə və problemlərin aşkarlanmasıdır.
Tədqiqatda Azərbaycanın kənd təsərrüfatı məhsullarının idxal-ixracı sahəsində 10 əsas tərəfdaş ölkə ilə ticarət mübadiləsinin statistik təhlili aparılıb. Statistik məlumat kimi Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatların, xüsusilə FAO-nun (Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) məlumatlarından istifadə olunub.
Tədqiqat materialında "Ərzaq təhlükəsizliyi və xarici ticarətin ona təsirləri", "Azərbaycanın ərzaq təhlükəsizliyinin mövcud vəziyyəti", "Kənd təsərrüfatı məhsullarının idxal-ixracı sahəsində əsas ticarət tərəfdaşları ilə ticarət dövriyyəsinin və onun ərzaq təhlükəsizliyinə təsirlərinin təhlili", "Ərzaq təhlükəsizliyinə Dünya Ticarət Təşkilatına üzvlüyün və Avropa İttifaqının Hərtərəfli Azad Ticarət Zonasına qoşulmanın mümkün təsirləri", "Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün zəruri siyasət tədbirləri" sərlövhəli mövzularda məlumatlar qeyd olunub.
Layihədə Ağdam, Bərdə və Tərtər rayonlarının kiçik fermer qruplarının istehsal imkanlarının artırılması, ərzaq təhlükəsizliyi və qidalanma üzrə yeni strategiyanın qəbulu və icra olunması, müvafiq qanunvericilik və icra mexanizmlərinin təkmilləşdirilməsi və fermerlərin bazara çıxış imkanlarının artırılması kimi sahələrə diqqət yetirilir.
Təqdimatda millət vəkilləri, Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələri, Sahibkarlar Konfederasiyası, Avropa İttifaqının Bakı nümayəndəliyi, USAID və digər yerli və beynəlxalq QHT-lərin təmsilçiləri iştirak ediblər.