​Azərbaycanda dəri ayaqqabı istehsalı 85% artıb

​Azərbaycanda dəri ayaqqabı istehsalı 85% artıb Bu, Dövlət Statistika Komitəsinin hesablamaları əsasında məlum olub
ASK
30 İyul , 2015 16:10
​Azərbaycanda dəri ayaqqabı istehsalı 85% artıb

Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycanda qeyri-neft sektorunun inkişafı dövlətin qarşıya qoyduğu prioritet vəzifələrdən biri olaraq qalır. Keçən ilin birinci yarısı ilə müqayisədə qeyri-neft sektorunda əlavə dəyər 9,2% artıb. Sənaye məhsulu üzrə qeyri-neft sahəsində məhsul istehsalı göstəricisi isə 14,1% olub.

"Report"un məlumatına görə, bunu Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Həmid Bağırov bu ilin 6 ayının yekunlarına dair "Azərbaycan" qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, qeyri-neft sektorunun ayrı-ayrı sahələrində əldə olunan nəticələr ürəkaçandır: "Məsələn, emal bölməsində qida məhsullarının istehsalı 3,7% artıb. Artım özünü daha çox ət, kolbasa məmulatları, üzlü süd, cem və marmelad, duru bitki yağları istehsalında göstərib. Toxuculuq sənayesində də uğur qazanılıb: əmtəəlik hazır pambıq parça istehsalı 17,5 dəfə artıb. Keçən ilin eyni dövrünə nisbətən dəri 2 dəfə, üstü dəridən olan ayaqqabılar 84,9% çox olub".

Qeyri-neft sektorunun tikinti materiallarının istehsalı sahəsində yanvar-iyun aylarında 166,2 mln. manatlıq məhsul istehsal edildiyini deyən H.Bağırov qeyd edib ki, əmtəəlik tikinti gipsi 4,4%, emal edilmiş mərmər, travertin, alebastr və onlardan hazırlanan məmulatlar 3,5 dəfə, asfalt 31,2% artıb.

Qeyd edək ki, bu ilin birinci yarısında müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 26,3 mlrd. manatlıq ümumi daxili məhsul istehsal edilib. Bu, 2014-cü ilin müvafiq dövründəkindən 5,7% çoxdur. Əlavə dəyərin 12,5%-i tikinti kompleksi sahəsində yaradılıb. 

Son xəbərlər

Orphus sistemi