Yuxarı
    Bağlamaq

    Azərbaycanda “CountrySTAT” platformasının rəsmi açılışı keçirilib

    © Report/ Orkhan Azim

    Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda “CountrySTAT” platformasının rəsmi açılışını keçirib. 

    “Report” xəbər verir ki, bu platforma müasir FENİX texnologiyasından istifadə etməklə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə dair məlumatların bölüşülməsi üçün yaradılmış innovativ alətdir.

    Tədbirdə çıxış edən FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, ərzaq və kənd təsərrüfatı üzrə veb əsaslı informasiya sistemi olan “CountrySTAT” qərarverən şəxslərə və qurumlara daha yaxşı, faktlara əsaslanan siyasət sənədlərinin tərtib olunması və inkişaf siyasətinin daha yüksək səmərəliliklə həyata keçirilməsi işində kömək edəcək yüksək keyfiyyətli statistik məlumatlara çıxış təmin edir: “Milli səviyyədə saxlanılan və idarə olunan bu sistem “bir pəncərə” prinsipinə əsaslanan mərkəz kimi çıxış edərək müxtəlif mənbələrdən etibarlı rəsmi məlumatların vaxtında toplanmasına və uyğunlaşdırılmasına, həmçinin onların vahid məkana inteqrasiyasına imkan verir. “CountrySTAT” platforması tədqiqatçılara, siyasət tərtibatçılarına, inkişaf təşkilatlarına və özəl sektora kənd təsərrüfatı sahəsində daha yaxşı siyasətlər işləyib hazırlamağa və icra etməyə, həmçinin, investisiyalar qoymağa imkan verir”.

    O, FAO-nun Azərbaycan hökuməti ilə uğurlu əməkdaşlıq proqramının  olduğunu da qeyd edib.

    KTN-nin şöbə müdiri Firdovsi Fikrətzadə isə Azərbaycanda aqrar islahatların müasir mərhələsinin aparıldığını və islahatların uğurla həyata keçirilməsinin, tədbirlərin effektivliyinin artırılmasının mükəmməl informasiya bazasından asılı olduğunu qeyd edib: “Bu baxımdan hazırda KTN-də analitik informasiya bazasının, statistik informasiya bazasının möhkəmləndirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir. FAO ilə həyata keçirdiyimiz bu layihənin əsas məqsədləri kənd təsərrüfatı üzrə statistik məlumat bazası əsasında ilkin analitik potensialın formalaşdırılması, Azərbaycanın kənd təsərrüfatı üzrə statistik göstəricilərinin qlobal informasiya sisteminə inteqrasiyasıdır. Hazırda kənd təsərrüfatı sahəsində analitik informasiya bazasının, yaxın gələcəkdə isə bu sahədə proqnozlaşdırma modellərinin tətbiqi nazirliyin əsas vəzifələrindən biridir”.

    Tədbirdə çıxış edən KTN-nin aparat rəhbəri İlham Bayramov bildirib ki, indiyə qədər dəqiq statistikanın olmaması problemlər yaradıb, lakin nazirlik statistikanın beynəlxalq standartlara uyğun həyata keçirilməsi üçün davamlı tədbirlər görüb. O, həmçinin qeyd edib ki, hazırda təmsil etdiyi qurum FAO ilə birlikdə 7 layihə üzərində işləyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi