Azərbaycanda çəyirtkələr kütləvi şəkildə məhv edilib

Azərbaycanda çəyirtkələr kütləvi şəkildə məhv edilib Lakin bu zərərvericiləri sürətlə yayılırlar
ASK
31 May , 2017 16:28
Azərbaycanda çəyirtkələr kütləvi şəkildə məhv edilib
agro.gov.az

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycanda sürü halında yaşayan Mərakeş və İtaliya çəyirtkələrinə qarşı kimyəvi mübarizə tədbirlərinə start verilib. 

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, bu günə qədər nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumları tərəfindən Tovuz rayonu ərazisində 3 440 hektar, Qazax rayonunda 460 hektar, Samux rayonunda 500 hektar, Ağstafa rayonunda isə 1 420 hektar dövlət ehtiyat fond torpaqlarında kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Eyni zamanda, Biləsuvar rayonu ərazisindəki 2 200 hektar, Salyan rayonunda 600 hektar, Saatlı rayonunda 1 400 hektar, İmişli rayonunda 4 405 hektar, Hacıqabul rayonunda 1 250 hektar, Şamaxı rayonunda isə 425 hektar dövlət ehtiyat fond torpaqlarında zərərvericilərin məhv edilməsi həyata keçirilib. Ümumilikdə isə ölkə üzrə 16 100 hektar sahədə kimyəvi dərmanlama işləri aparılıb.

Mübarizə tədbirləri müasir və yüksək manevr qabiliyyəti olan “AU8115M” çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsi ilə həyata keçirilir.

Hazırda xidmətin yerli qurumları və Respublika Bitki Mühafizə Mərkəzinin mobil bitki mühafizə dəstələri tərəfindən Tovuz, Qazax, Ağstafa rayonlarının Ağdağ adlanan ərazisində və Çeyrançöl adlanan dövlət ehtiyat fond torpaqlarında çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədilə monitorinqlər aparılır və çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olan ərazilərdə mübarizə tədbirləri həyata keçirilir.

Çəyirtkələr sürətlə çoxalır, bir ərazidən digər əraziyə sürətlə miqrasiya edir və digər həşəratlardan fərqli olaraq daha çox qidalanırlar. Bu həşəratlar sutka ərzində sürü ilə 30 km, tək uçduqda isə 250 km-dən çox məsafəni qət edə bilir. Bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla keçə bilirlər. Nazirlik qeyd edir ki, mübarizə tədbirlərini qısa zamanda geniş şəkildə həyata keçirmək lazımdır ki, zərərin qarşısı tez bir zamanda alınsın.

Son xəbərlər

Orphus sistemi