Yuxarı

Azərbaycanda bu il yazlıq bitkilərin əkinində azalma olub

Bu, yaz mövsümündə torpaqda temperaturun aşağı olması ilə izah edilir

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycanda payızlıq taxıl səpilməsi məqsədilə 2014-cü ilin payızında 2015-ci ilin məhsulu üçün təmiz herik şumu da daxil etməklə 1 016,9 min hektar sahədə şum qaldırılıb, 875,7 min hektarda dən üçün payızlıq taxıl səpilib. 

"Report" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, əkilən taxılın 537, 2 min hektarını buğda, 338,4 min hektarını arpa təşkil edib. Taxıl sahələri aqrotexniki qaydalara uyğun becərilib, gübrə və bitki mühafizə vasitələrindən istifadə ümumilikdə qənaətbəxş olmasa da, əkinlərin vəziyyəti yaxşıdır. Hazırda taxıllar çiçəkləmə inkişaf mərhələsindədir.

Mayın 1-nə 253,2 min hektarda yazlıq bitkilər əkilib. Onun da 21,4 min hektarı dənli və dənli paxlalılar (qarğıdalısız), 19,1 min hektarı qarğıdalı, 11,7 min hektarı pambıq, 6,03 min hektarı dən üçün günəbaxan, 0,9 min hektarı tütün, 54,05 min hektarı kartof, 51,2 min hektarı tərəvəz, 16,7 min hektarı bostan bitkiləri, 4,02 min hektarı emal üçün şəkər çuğunduru və 67,4 min hektarı yem bitkiləri olub. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yazlıq bitkilərin əkinində 3,4% azalma müşahidə edilib və bu rəqəm 8,8 min hektar təşkil edib. Bu da yaz aylarında torpaqda temperaturun +10-12°-dən aşağı olması ilə bağlıdır. May ayında torpağın əkin qatında temperatur optimal səviyyəyə qalxıb və səpində müşahidə olunan ləngimələr aradan qaldırılıb. Hazırda bəzi yazlıq bitkilərin səpini və əkinin aqrotexniki qaydalara uyğun olaraq becərilməsi davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi