Bakı. 8 sentyabr REPORT.AZ/ Azərbaycanın İmişli rayonunda bu il fermerlərin əkin sahələrində bol məhsul toplayacağı gözlənilir. "Report" xəbər verir ki, son illər ölkədə şəkər istehsalının inkişaf etməsi fermerlərin çuğundur əkininə marağını xeyli artırıb.
Bu il İmişli rayonunda çuğundur əkini ilə məşğul olan fermerlər əsasən üç növə üstünlük verib. Bu, "Kayota", "Zeper" və "Radofe" növləridir ki, onlar yüksək məhsuldarlıqla yanaşı yerli iqlim şəraitinə də uyğunlaşma xüsusiyyətinə malikdir.
Artıq əkilən məhsulları tam yetişən fermerlər hazırda müşahidə olunan əlverişli hava şəraitindən yararlanaraq yığımı tez bir vaxtda yekunlaşdırmağa çalışırlar. Fermerlər şəkərliliyi 14%-ə qədər olan məhsulun 1 tonunu İmişli Şəkər Zavoduna 54 manata təhvil verir. Bununla yanaşı, artan hər 1% şəkərliliyə görə 1 ton üçün əlavə 2 manat ödənilir.
Qeyd edək ki, bu il İmişlidə ümumilikdə 800 hektara yaxın ərazidə çuğundur əkilib.





