Yuxarı

Azərbaycanda arıçılıq məhsullarının tanıdılmasında turizm sektorunun rolu müzakirə olunur

Bakıda Yerli arıçılıq məhsullarının tanıdılmasında turizm müəssisələrinin rolu mövzusunda tədbir keçirilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Yerli arıçılıq məhsullarının tanıdılmasında turizm müəssisələrinin rolu” mövzusunda tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbirdə iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Əbduləliyev və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Bəxtiyar Qılıncov, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri iştirak ediblər. Həmçinin, tədbirdə bölgələrdən dəvət edilən arıçılıq təsərrüfatı ilə məşğul olan fiziki şəxslər qatılıb, bu müəssisələrin məhsullarının kiçik sərgisi təşkil olunub. Sərgidə Quba, Şəki, Masallı və s. rayonlardan dəvət olunan 17 fiziki şəxs və müəssisəsinin 10-dan çox arıçılıq məhsulu təqdim olunub.

Bu sahədə görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışan nazirliklərin nümayəndələri, fermerlər üçün hazırda müəyyən şəraitin yaradıldığını bildirib. S.Məmmədov deyib ki, 2019-cu ilə qədər fermerlər dövlət tərəfindən verilən güzəştli kreditlərdən, subsidiyalardan istifadə edə, lizinq yolu ilə kənd təsərrüfatı texnikası ala bilərlər. Bu sahədə Kənd Təsərrüfatı və İqtisadiyyat və Sənaye Nazirlikləri fermerlərin maarifləndirilməsi, konsultasiya xidmətləri təşkil edirlər. Nazir müavini qeyd edib ki, Almaniya hökuməti ilə kənd təsərrüfatı sahəsində qarşılıqlı anlaşma əsasında fermerlər üçün bir aylıq kurslar təşkil olunur, gənc fermerlər həmin kurslara gedir və özlərinə tərəfdaş tapırlar.

Q.Abdullayev deyib ki, Azərbaycanda arı genofondunun yaradılması üçün işlər görülür və gələn il  bunun yaradılması planlaşdırılır. Keyfiyyətli məhsul üçün ölkənin 14 rayonundan 200-dən çox arı nümunəsi götürülüb və bundan arı ailələrinin sayının artırılmasında istifadə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi