Yuxarı

Azərbaycanda Arıçılar Assosiasiyasının yaradılması təklif olunur

Bu məsələ Azərbaycan Sahibkarlar Konfederasiyasında müzakirə edilib

Bakı. 28 sentyabr.REPORT.AZ/ Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu ilə birlikdə “Azərbaycanda arıçılıq sektorunun iqtisadi perspektivləri” adlı "dəyirmi masa" keçirib. 

ASK-dan "Report"a daxil olan məlumata görə, tədbirdə 20-dən çox arı təsərrüfatı ilə məşğul olan ASK-nın üzvü iştirak edib. 

Qurumun vitse-prezidenti Vüqar Zeynalov tədbirdə ölkədə özəl sektora yaradılan dövlət dəstəyi, kənd təsərrüfatı məhsullarının istehsalının inkişafının daha da artdığı barədə məlumat verib.

Daha sonra İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “Azərbaycanda arıçılıq sektorunun iqtisadi perspektivləri” adlı təqdimatla çıxış edib. O, bildirib ki, apardıqları araşdırma nəticəsində Azərbaycanda 10 min arı təsərrüfatı, 250 min arı ailəsinin olduğu müəyyən olub.

Arıçılıqda mövcud vəziyyət müzakirə olunmaqla yanaşı, bir-çox problemlərdən də söhbət açılıb. Qeyd olunub ki, bu sahədə inkişaf üçün arıçılar assosiasiyasının təsis edilməsinə böyük ehtiyac var. Hazırda pərakəndə fəaliyyət göstərdiklərini təsdiqləyən arıçılar, arıların vahid dövlət qeydiyatına alınmasınan vacibliyini dilə gətiriblər. 

Daha sonra beynəlxalq təcrübənin öyrənilməsinə tələbat olduğunu da istisna etməyiblər. Arıçılığın inkişaf istiqamətini ixisaslı kadrların müəyyənləşdirəcəyinə əmin olduğunu deyən arıçılar gələcəkdə bu sahə ilə bağlı peşəkar kadrların hazırlanmasını da məqsədəuyğun hesab ediblər.

Arı məhsullarının faydalı qida olduğunu deyən ekspertlər gələcəkdə məktəblilərin və hərbiçilərin qida rasionuna arı məhsullarının əlavə edilməsini faydalı hesab ediblər. Gələcəkdə “Arıçılığın inkişafı ilə bağlı” dövlət proqramının qəbul olunması da arzu olunan məsələlər sırasında xüsusilə qeyd olunub. 

Dünya təcrübəsindən söhbət açan ekspertlər qeyd ediblər ki, ən ucuz bal Avstriyada, ən baha bal isə Fransadadır. Dünyada ən çox bal istehsal edən ölkə Çin, Argentina, Meksika, Hindistan, Vyetnam, ən çox bal ixrac edən ölkə isə ABŞ, Almaniya, Böyük Britaniya, Yaponiya, Belçikadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi