Azərbaycanda aqrar sektor 4% böyüyüb

Azərbaycanda aqrar sektor 4% böyüyüb Bakı. 16 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 5,78 mlrd. manat təşkil edib.
ASK
16 Noyabr , 2017 15:02
Azərbaycanda aqrar sektor 4% böyüyüb

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 5,78 mlrd. manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 2 929,1 mln. manatı heyvandarlıq, 2 850,9 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,8%, bitkiçilik məhsullarının istehsalı isə 5,3% artıb.

Məlumata görə, ölkədə kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir və yanvar-oktyabr aylarında dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,96%-i və yaxud 940,4 min hektarı biçilib və həmin sahələrdən 2691,1 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz az məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 28,6 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 34,9 min hektar dən üçün qarğıdalı sahəsindən 220,2 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 63,1 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 2911,3 min ton olub.

10 ay ərzində tarlalardan 885,9 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 0,7% çox kartof, 1316,6 min ton (9,2% çox) tərəvəz, 437,4 min ton (5,8% az) bostan məhsulları toplanıb. Eyni zamanda hektarın orta məhsuldarlığı kartof üzrə 11 sentner, tərəvəz üzrə 27 sentner, bostan məhsulları üzrə 11 sentner artıb və uyğun olaraq 151, 191 və 187 sentner olub.

2017-ci ildə 136,4 min hektar sahədə pambıq, 14,9 min hektar sahədə dən üçün günəbaxan, 14,1 min hektar sahədə şəkər çuğunduru və 3,2 min hektar sahədə tütün əkilib. Yanvar-oktyabr aylarında həmin sahələrdən 154,3 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə çox pambıq, 29,9 min ton (74,9 faiz çox) dən üçün günəbaxan, 275,7 min ton (2,4 dəfə çox) şəkər çuğunduru və 4,5 min ton (31,2 faiz çox) tütün yarpağı yığılıb.

Hesabat dövrünə 720 min ton (4,2% çox) meyvə və giləmeyvə, 135,6 min ton (8,8% çox) üzüm, 702,9 ton (28,6% az) yaşıl çay yarpağı toplanıb.

Hazırda təsərrüfatlarda 2018-ci ilin məhsulu üçün müvafiq işlər görülür. Təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 438,2 min hektar sahədə şum qaldırılıb. Gələn ilin məhsulu üçün 16,8 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Ümumi əkinin 7,1 min hektarı və yaxud 42,5%-i buğda, 8,5 min hektarı və ya 50,4%-i arpa əkinləridir.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında diri çəkidə ət istehsalı 3,4% artaraq 353,1 min ton, süd istehsalı 1,2% artaraq 1523,3 min ton, yumurta istehsalı 7,3% artaraq 1 303,2 milyon ədəd, yun istehsalı isə 4,4% azalaraq 15,7 min ton olub. Bundan başqa, ölkədə 245,2 ton barama istehsal olunub. 

Son xəbərlər

Orphus sistemi