Yuxarı

Azərbaycan və Ukrayna kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir

Ukrayna birgə müəssisələrin yaradılması, taxılçılıq, seleksiya sahəsində təcrübə mübadiləsinin aparılmasında maraqlıdır

Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Bakıda səfərdə olan Ukraynanın millət vəkili Sergey Tarutanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report" Nazirliyə istinadən xəbər verir ki, görüşün məqsədi kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.

İ.Quliyev Azərbaycanda aqrar sahədə Avropa standartlarına uyğun geniş işlərə başlanıldığını, eyni zamanda iki ölkə arasında başqa sahələrdə olduğu kimi aqrar sahədə də əməkdaşlığın olması, həmçinin Ukraynanın aqrar sahədə əldə etdiyi təcrübədən, o cümlədən hər iki ölkənin idxal-ixrac potensialından istifadə olunmasının vacibliyini qeyd edib.

Nazir müavini aqroparkların yaradılması, aqrobiznes investisiyalarının daha da təşviq edilməsi məqsədilə ölkələrarası elmi-texniki əməkdaşlıq və bitki mühafizəsi sahəsində olduğu kimi, baytarlıq sahəsində də əməkdaşlığa dair sazişlərin imzalanmasının vacibliyini vurğulayıb.

S.Taruta iki ölkə arasında aqrar sahədə birgə müəssisələrin yaradılması, taxılçılıq, xüsusilə seleksiya sahəsində təcrübə mübadiləsinin aparılması, həmçinin heyvandarlığın inkişafı sahəsində də əlaqələrin genişləndirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Qeyd edək ki, görüşdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko da iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi