Yuxarı

Azərbaycan parlamenti Torpaq Məcəlləsinə dəyişikliklər etməyə hazırlaşır

Əsas məqsəd torpaq hüquqpozmalarına qarşı mövcud cəzaların sərtləşdirilməsidir

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Məclisinin Aqrar siyasət Komitəsinin yaz sessiyası çərçivəsində növbəti iclası keçirilib. “Report” xəbər verir ki, iclasda Komitə sədri Eldar İbrahimov “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna dəyişikliklər layihəsini təqdim edib.

Layihəyə əsasən, məcəllənin 110-cu maddəsi tamamilə dəyişdirilib və yeni formada verilib. E.İbrahimov bildirib ki, məqsəd torpaq hüquqpozmalarına qarşı cəzanın sərtləşdirilməsidir. Dəyişikliyə əsasən, Torpaq Məcəlləsinin tələblərini pozmuş şəxslər Azərbaycanın Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Dəyişikliklə Cinayət Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasının hər bir konkret halına görə cəza nəzərdə tutulur.

İclasda aparılan müzakirələr zamanı Komitə üzvləri qanuna dəyişikliyin əsas məqsədinin istifadə edilməyən torpaqların monitorinqinin keçirilməsi, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, habelə idxaldan ixraca keçidin sürətləndirilməsi, ölkənin aqrar sahədə iqtisadiyyat hesabına büdcəyə, xalqa tövhə verilməsi olduğunu vurğulayıblar. Həmçinin, qanunun müzakirəsi zamanı qeyd edilib ki, boş qalan, qanunsuz zəbt edilən torpaqlar dövriyyə cəlb olunmalıdır. Qanuna ediləcək dəyişikliklər bu cür hallarla bağlı cəzanı nəzərdə tutur. Təyinatına görə istifadə edilməyən torpaqların monitorinqinin aparılması ilə yanaşı, həm də araşdırmalar planlaşdırılır.

Müzakirələr zamanı Komitənin üzvü Cavanşir Paşazadə bu qanunun gecikmiş sənəd olduğunu bildirib və əlavə edib ki, əsasən ölkənin cənub hissəsində pay torpaqlarına malik insanların mövcud problemlərindən danışıb: “İnsanlar cənubda pay torpaqlarının yerlərini bilmirlər. Ölkənin həmin hissəsində pay torpaqlarının həcmi də azdır. Kim harada qanunsuz şəkildə torpaq zəbt edibsə, bilinmir. Bu məsələdə Dövlət Əmlak Komitəsi və Kənd Təsərüfatı Nazirliyinin üzərinə böyük iş düşür”.

Komitənin üzvü, Lerik rayonu seçki dairəsinin deputatı İqbal Məmmədov isə rayonda torpaqların xəritələrinin düzgün çəkilməməsi ilə bağlı iradlarını bildirib. Millət vəklinin sözlərinə görə, rayonun torpaqlarının xəritəsi düzgün çəkilməlidir: “Rayonda torpaqlar yoxlanılarkən, torpaq kadastrının başqa şəxslərin adına olduğu aşkarlanır. Bu da insanlara öz torpaqlarından istifadəsində, o cümlədən,  subsidiyaların almansında böyük çətinliklər yaradır”.

Qanun layihəsinin əhəmiyyətini qeyd edən Komitə üzvləri müzakirələr zamanı Taxtakörpü su anbarı ətrafında yeni münbit sahələrin istifadəyə verildiyini, Siyəzən və Şabranda 100 min hektarla sahələrinin boş qaldığını, əkilib-becərilmədiyini bildiriblər.

Deputat Hüseynbala Mirələmov pay torpaqlarına malik olub, lakin istifadə edilməyən torpaqların niyə bu vəziyyətdə olması məsələsinin araşdırılmasını təklif edib: "İnsaların niyə öz torpaqlarından istifadə etmədikləri ilə maraqlanmaq, onların problemlərini öyrənmək lazımdır. Hesab edirəm ki, bu məsələyə kompleks yanaşmaq lazımdır. Hazırda bu insanların kredit almaqda, öz təsərrüfatlarını inkişaf etdirməkdə böyük çətinlik çəkirlər. Bütün bunların səbəblərini öyrənmək lazımdır”.

İclasın yekununda qanun layihəsi Milli Məclisin plenar toplantısında müzakirə üçün tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi