​Azərbaycan parlamenti Tacikistanla bitki karantini sahəsində əməkdaşlıq sazişinin ratifikasiyasına hazırlaşır

​Azərbaycan parlamenti Tacikistanla bitki karantini sahəsində əməkdaşlıq sazişinin ratifikasiyasına hazırlaşır Saziş 5 il müddətinə bağlanılır və tərəflərin razılığı ilə növbəti 5 ilə uzadıla bilər
ASK
20 Noyabr , 2014 11:42
​Azərbaycan parlamenti Tacikistanla bitki karantini sahəsində əməkdaşlıq sazişinin ratifikasiyasına hazırlaşır

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycanla Tacikistan arasında bitki karantini sahəsində əlaqələr genişləndirilir. “Report” xəbər verir ki, Milli Məclisin Aqrar siyasət Komitəsinin bugünkü iclasında “Azərbaycan hökuməti ilə Tacikistan hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.

Saziş barədə məlumat verən Komitə sədri Eldar İbrahimov bildirib ki, layihə Azərbaycan prezidenti İlham Əliyevin oktabyrın 26-da Tacikistana səfəri zamanı iki ölkənin dövlət başçıları arasında imzalanıb.

Bundan sonra hər iki ölkə karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olması və yayılmasının qarşısının alınması sahəsində əməkdaşlıq edəcək. Eyni zamanda, bitki karantini sahəsində əməkdaşlığı davam etdirmək və genişləndirmək, o cümlədən dövlət karantin tədbirlərinin əlaqələndirilməsinin təmin olunması əsas götürüləcək.

Sazişin müddəalarının həyata keçirilməsi və əlaqələndirilməsi işini Azərbaycan tərəfindən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti, Tacikistan tərəfindən isə Kənd Təsərrüfatı Nazirliyinin Bitki Karantini və Fitosanitariya üzrə Dövlət Müfəttişliyi həyata keçirəcək.

Sənəddə qeyd olunur ki, tərəflər bir ölkədən digər ölkəyə göndərilən karantin nəzarətində olan materialların idxal, ixrac və tranziti üzrə milli qanunvericilikləri ilə təsdiq edilən fitosanitar qaydalarına riayət etməlidir.

Bu sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflərin diplomatik kanallarla sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.

Saziş 5 il müddətinə bağlanılır və tərəflərdən biri bu müddətin bitməsinə ən azı 6 ay qalmış onu ləğv etmək niyyəti barədə diplomatik kanallarla digər tərəfə yazılı şəkildə məlumat verməlidir. Əks təqdirdə onun müddəti avtomatik olaraq növbəti 5 ilə uzadılacaq.

Qeyd edək ki, saziş təsdiq edilməsi üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi