Yuxarı

​Azərbaycan parlamenti kənd təsərrüfatı ilə bağlı yeni qanunun müzakirəsinə başlayıb - YENİLƏNİB

Azərbaycanda 1,2 mln.-dan çox şəxs kənd təsərrüfatı istehsalı ilə məşğul olur

İlk xəbər saat 14:27-də yayılıb

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün Milli Məclisin plenar iclasında "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

"Report"un verdiyi xəbərə görə, qanun layihəsini təqdim edən Aqrar siyasəti Komitəsinin sədri, deputat Eldar İbrahimov bildirib ki, həyata keçirilən aqrar siyasət ölkədə kənd təsərrüfatının inkişafını təmin edir. Bu ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olunması isə həmin siyasətin məntiqi davamıdır.

Millət vəkilinin sözlərinə görə, 2014-cü ildə Azərbaycanda 5 mlrd. manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub, bu sahədə 3 mlrd. manatlıq əlavə dəyər yaradılıb: "Ölkədə 1,2 mln.-dan çox hüquqi və fiziki şəxs kənd təsəsrrüfatı istehsalı ilə məşğuldur".

E.İbrahimov qeyd edib ki, informasiya-məsləhət xidməti, kənd təsərrüfatı istehsalçılarını məlumatla təmin etmək bu sahənin inkişafı üçün olduqca önəmlidir: "Qərb ölkələrində bu, 100-200 illik tarixə malikdir. Bu xidmət kənd təsərrüfatının inkişaf etdiyi bütün ölkələrdə 1919-1920-ci illərdən başlayaraq fəaliyyət göstərir. Bəzi ölkələrdə ayrıca qanunlarla tənzimlənir. Bu gün kənd istehalçılarına peşəkarlığı yüksəltmək üçün məsləhət-məlumat daha çox tələb olunur".

Komitə sədrinin sözlərinə görə, məhsul istehsalçıları "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" qanunun vacibliyini qeyd edirlər. Əsas məqsəd fərdi və qrup təsərrüfatçılarını məlumatla təmin etmək, mütərəqqi texnologiyaların tətbiqi barədə informasiya və məsləhət verməkdən ibarətdir: "Hazırda kənd təsərrüatı üzrə məsləhətçilər hazırlanmır. İnformasiya xidmətinin hüquqi bazasının yaradılmasına ehtiyac var".

İclasda çıxış edən deputat Elmira Axundova layihədə şifahi xidmətin yazılı xidmətlə əvəzlənməsini təklif edib: "Təklif edirəm ki, informasiya-məsləhət xidmətini şifahi verilməsi kimi xidmətlər yenidən nəzərədən keçirilsin. Bu sahədə məsləhət və informasiya yazılı olsun".

İclasın sonunda qanun layihəsi ilk oxunuşda qəbul olunub.

Qeyd edək ki, "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" qanun layihəsi 3 fəsil, 24 maddədən ibarətdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi