"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-yə 10 milyon manat ayrılıb

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-yə 10 milyon manat ayrılıb Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə isə 2 milyon manat ayrılıb
ASK
16 Dekabr , 2015 18:08
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 10 milyon manat ayrılıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, son illərdə torpaqlardan istifadənin səmərəliliyinin artırılması, əkinə yararlı torpaq sahələrinin genişləndirilməsi və suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilməkdədir.

Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi nəticəsində ilkin mərhələdə 10 min hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib, 198 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və 42 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi istiqamətində işlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsaitlər hesabına 2013-2015-ci illərdə əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 35 şəhər və rayon üzrə əhalisi 1,1 milyon nəfərə yaxın olan 458 yaşayış məntəqəsində 657 subartezian quyusu qazılıb. 

Sərəncamla bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyivə vətəndaşların müraciətləri nəzərə alınmaqla əhalisi 400 min nəfərə yaxın olan 40 şəhər və rayonun 148 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10 milyon manat, Naxçıvan Muxtar Respublikasının ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılması məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi