Bu gün Bakı Ekspo Mərkəzində işə başlamış 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (“InterFood Azerbaijan”) sərgilərində kiçik və orta biznes (KOB) subyektləri də məhsul və xidmətlərini təqdim edirlər.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Məlumata görə, KOBİA-nın dəstəyi ilə yaradılmış xüsusi stenddə 12 mikro, kiçik və orta sahibkarlıq subyektinin məhsulları sərgilənir. Bu məhsulların arasında meyvə və tərəvəz, çörək və un məmulatları, qurudulmuş meyvələr və çipslər, təbii otlar və ədviyyatlar, göbələk, bal, zəfəran, souslar, süd və süd məhsulları, meyvə şirələri, gübrələr və s. mövcuddur.
Bakı, Abşeron, Gəncə, Qazax və Göyçayı təmsil edən KOB-lar onlar üçün ayrılmış xüsusi stenddə məhsul və xidmətlərini təqdim etməklə yanaşı, satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurmaq üçün müxtəlif işgüzar görüşlər keçirirlər.
Həmçinin, KOBİA-nın stendində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi layihə çərçivəsində Balakən, Zaqatala və Qax rayonlarından olan 23 sahibkarlıq subyektini əhatə edən "Yurdumun ləzzəti" brendi altında istehsal olunan məhsullar sərgilənir.