Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Çin şirkətlərini tenderlərdə iştiraka dəvət edib

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Çin şirkətlərini tenderlərdə iştiraka dəvət edib Nazir müavini bunu "Norinco International Cooperation Ltd."-nin nümayəndələri ilə görüşdə deyib
ASK
14 Avqust , 2017 16:53
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Çin şirkətlərini tenderlərdə iştiraka dəvət edib

Bakı. 14 avqust. REPORT.AZ/ Bu gün Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Çinin “Norinco International Cooperation Ltd.” şirkəti İdarə Heyətinin sədri Vanq Yuetaonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən "Report"a daxil olan məlumata görə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin müzakirəsi olub. 

İ.Quliyev Çin ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrin yeni müstəvidə inkişaf etdiyini qeyd edib. Nazir müavini ötən il Azərbaycanda baramaçılığı inkişaf etdirmək üçün Çindən 6 min qutu barama toxumu və 1,5 mln. ədəd tut tinginin (çəkil) ölkəyə gətirildiyini qeyd edərək, nazirlik tərəfindən keçirilən tenderlərdə Çin şirkətlərinin iştirakını da məqsədəuyğun hesab edib. İ.Quliyev 2016-cı ildə Çindən alınan barama toxumunun yüksək səviyyədə məhsul verdiyini qonaqların nəzərinə çatdırıb.

Nazir müavinin sözlərinə görə, Qax Damazlıq-İpəkçilik Stansiyasının tam yenidən qurulması üçün Çin təcrübəsindən istifadə etməklə, rayonda müasir tipli zavodun tikilməsi həyata keçiriləcək. Həmçinin, Azərbaycanda yüksək orqanik kənd təsərrüfatı məhsullarının istehsal olunduğunu qonaqların nəzərinə çatdıraraq İ.Quliyev ixracyönümlü məhsulların bu ölkəyə ixrac olunmasında maraqlı olan Çin şirkətlərini Azərbaycana dəvət edib.

Bundan başqa, nazir müavini Çinin baramaçılıq, çəltikçilik və çayçılıq sahəsində inkişaf etdiyini nəzərə alaraq bu sahələrdə əməkdaşlığa önəm verdiyini qonaqların diqqətinə çatdırıb və Çin ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığı daha da genişləndirilməsinin vacibliyini söyləyib. “Ölkədə aqrar sahəyə böyük dəstək verilir. Fermer və sahibkarlar torpaq vergisi istisna olunmaqla, bütün vergilərdən azaddır və onlara gübrə məhsulları 70%, kənd təsərrüfatı texnikaları 40%, damazlıq heyvanlara və xaricə ixrac olunan məhsullara da güzəştlər tətbiq olunur. Fermerlərin əməklərini stimullaşdırmaq üçün subsidiyalar verilir. Azərbaycanda əlverişli investisiya mühiti var. Xarici investorlara hökümət və nazirlik mütəmadi olaraq öz dəstəyini göstərir. Çinin baramaçılıq, pambıqçılıq,çayçılıq sahəsində əldə etdiyi uğurları və böyük təcrübəsini ölkədə də tədbiq etməyi məqsədəuyğun hesab edirik”, - deyə nazir müavini qeyd edib.

“Norinco International Cooperation Ltd/” şirkəri İdarə Heyətinin sədri V.Yuetao Azərbaycanla aqrar sahədə əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi