Azərbaycan İrandan gətirilən 48 ton zərərli kartofu geri qaytarır

Azərbaycan İrandan gətirilən 48 ton zərərli kartofu geri qaytarır Bu məhsulun tərkibində kartof güvəsi və gövdə nematodu aşkar edilib
ASK
18 Fevral , 2016 12:20
Azərbaycan İrandan gətirilən 48 ton zərərli kartofu geri qaytarır

Bakı. 18 fevral. REPORT.AZ/ İrandan Azərbaycana hər birində 24 ton olmaqla, ümumilikdə cəmi 48 ton ərzaqlıq kartof məhsulu daşıyan iki yük avtomobilindən götürülmüş nümunələr Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) Respublika Karantin Ekspertiza Mərkəzinin laboratoriyasında karantin ekspertizasına təqdim edilib. Ekspertiza zamanı hər iki yükdə karantin tətbiq edilən zərərli orqanizm – kartof güvəsi (Phthorimaea operculella Zell.) və gövdə nematodu (Ditylenchus dipsaci Filipjev) aşkar edilib. Bu, DFNX-dən "Report"a daxil olan məlumatda bildirilir.

Aşkar edilən gövdə nematodunun zərərsizləşdirilməsi mümkün olmadığı üçün, 48 ton kartof məhsulunun ixracatçı ölkəyə geri qaytarılması üçün ilkin sənədlər Dövlət Gömrük Komitəsinə təqdim edilib. Məhsulun geri qaytarılmasında əsas məqsəd, bu növlərin Azərbaycan ərazisinə daxil olması və yayılmasının qarşısının alınmasıdır. Artıq bu haqda İranın milli bitki mühafizəsi təşkilatına da məlumat verilib.

Kartof güvəsi kartof, badımcan, tütün və quş üzümü fəsiləsinə aid digər mədəni və yabanı bitkilərin təhlükəli zərərvericisidir. Daha çox kartofa ziyan vuran güvə kütləvi çoxaldıqda sahədə və ya anbarlarda saxlanılan kartof yumrularını 2-3 həftə ərzində tamamilə məhv edə bilir. Zərərverici hətta 25-80% məhsul itkisinə səbəb olur.

Gövdə nematodu 450-dən çox bitki növünü yoluxdurmaqla, ən təhlükəli bitki parazitlərindən biri hesab olunur. Bu endoparazit bitkilərin həm yerüstü, həm də yeraltı hissələrini yoluxdura bilir və bir çox təhlükəli bitki xəstəliklərinin törədicilərini (Clavibacter michiganensis subsp. insidiosus və s. kimi) yayır.

Son xəbərlər

Orphus sistemi