​Azərbaycan Gürcüstanda soyuducu anbar istifadəyə verib

​Azərbaycan Gürcüstanda soyuducu anbar istifadəyə verib SOCAR prezidenti Rövnəq Abdullayev: "Bu, azərbaycanlıların kompakt yaşadığı bölgənin iqtisadi inkişafına xidmət edir"
ASK
18 Aprel , 2015 13:36
​Azərbaycan Gürcüstanda soyuducu anbar istifadəyə verib

Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Gürcüstanın Marneuli şəhərində soyuducu anbar istifadəyə verilib. Obyektin açılış mərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili, eləcə də Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn və digər rəsmi şəxslər iştirtak ediblər.

"Report" xəbər verir ki, bu soyuducu anbar 4 250 kv. metr ərazini əhatə edir, 12 kamerası var. Kameralardan ikisi 0-5 dərəcədən 0-20 dərəcəyədək soyutma imkanına malikdir. Burada əsasən ət və balıq məhsullarının saxlanılması nəzərədə tutulub. Digər kameralar isə -5+5 dərəcədə soyutma imkanına malikdir ki, burada da meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsullarının saxlanılması nəzərdə tutulub.

Kompleksdə ümumiyyətlə 2 100 ton müxtəlif məhsulların, eyni zamanda 1 000 ton kənd təsərrüfatı məhsullarının saxlanılması nəzərdə tutulub. Kompleksin tikintisinə ümumilikdə 7 mln. ABŞ dolları xərclənilib. Bunun 1,1 mln. dolları avadanlıqların alınmasına sərf olunub. Burada 50-dən çox adamın, o cümlədən, bölgədə yaşayan azərbaycanlıların işlə təmin olunması nəzərdə tutulub.

Tədbirdə çıxış edən SOCAR prezidenti R.Abdullayev bildirib ki, soyuducu anbar Azərbaycan Prezidentinin birbaşa təşəbbüsü ilə tikilib: "Soyuducu anbarın tikintisi azərbaycanlıların kompakt yaşadığı bölgənin iqtisadi inkişafına, kənd təsərrüfatının inkişafına, o cümlədən, azərbaycanlıların təsərrüfat qabiliyyətinin artırılmasına xidmət edir".

G.Kvirikaşvili də tikintini yüksək qiymətləndirib və bildirib ki, bu təkcə regionun deyil, eyni zamanda Gürcüstan iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq. Gürcüstan baş nazirinin müavini göstərdiyi köməyə görə Azərbaycanın dövlət başçısına təşəkkür edib.

Qeyd olunub ki, regionda digər investisiya lahiyələrinin də həyata keçirilməsi nəzərədə tutulub. Həmin layihələrdə də Azərbaycan şirkətlərinin dəvət olunacağı və onların iştirakı məqbul sayılır.

Son xəbərlər

Orphus sistemi