Yuxarı

Azərbaycan FAO-nun Romada keçirilən sessiyasında iştirak edib

Azərbaycan nümayəndə heyəti səfər zamanı FAO-nun baş direktoru ilə görüşüb

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd təsərrüfatı layihələri və kreditlərinin idarə edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə BMT-nin Ərzaq və Kənd Təsəsrrüfatı Təşkilatı (FAO) Şurasının 154-cü sessiyasında iştirak etmək üçün Romada (İtaliya) rəsmi səfərdə olublar.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən bildirir ki, konfransın əsas funksiyası dünyada ərzaq və kənd təsərrüfatının vəziyyəti, təşkilatın hazırkı, perspektiv fəaliyyətinin, o cümlədən iş proqramı, büdcə, inzibati məsələlər, təşkilatın maliyyə idarəçiliyi, konstitusiyası ilə bağlı məsələlərin müzakirə edilməsi və müvafiq qərarların qəbul edilməsindən ibarətdir.

Tədbir zamanı üzv ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə digər proqram, büdcə, maliyyə, inzibati məsələlər, konstitusiya və hüquqi məsələlər də müzakirə mövzusu olub.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində FAO-nun baş direktoru Joze Qratsiano da Silva ilə görüşüb. Görüşdə baş direktor Azərbaycanla FAO arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrindən məmnun olduğunu bildirib. O azərbaycanlı rəsmilərin FAO rəhbər orqanlarının tədbirlərində yaxından iştirak etmələrini yüksək qiymətləndirib: “Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin açılması və Tərəfdaşlıq Proqramının yaradılması əməkdaşlığın yeni mərhələyə qədəm qoyması deməkdir. Bu işdə Azərbaycan hökumətinin, xüsusilə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyini yüksək dəyərləndirirəm”.

Nazir müavini S.Talıbov Azərbaycanda aqrar sahədə və ərzaq təhlükəsizliyinin təmin edilməsində qazanılan nailiyyətlərdən, aparılan islahatların verdiyi müsbət nəticələrdən və fermerlərə dövlət dəstəyinin ildən-ilə artmasından danışıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti üzv ölkələrdən olan nümayəndələr, müzakirələr platformasının təmin olunması məqsədilə keçirilən bir sıra paralel tədbirlərdə iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi