Azərbaycan çəltikçiliyin inkişafında xarici şirkətlərin köməyindən istifadə edəcək

Azərbaycan çəltikçiliyin inkişafında xarici şirkətlərin köməyindən istifadə edəcək Bu barədə “Çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında bildirilir
ASK
10 Fevral , 2018 10:40
Azərbaycan çəltikçiliyin inkişafında xarici şirkətlərin köməyindən istifadə edəcək

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanda çəltikçiliyin inkişafı ilə bağlı bir sıra institusional tədbirlərin görülməsi nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin ötən gün təsdiqlədiyi “Çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında öz əksini tapıb.

Plana əsasən, çəltikçilik sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, çəltik bitkisinin əkildiyi rayonlar (zonalar) üzrə məlumat bankının yaradılması, çəltik məhsullarının istehsalı sahəsində mütərəqqi təcrübəyə malik xarici şirkətlərlə əlaqələrin genişləndirilməsi, çəltik istehsalı sahəsində sığorta mexanizminin təkmilləşdirilməsi, çəltik istehsalı üçün əkinəyararlı torpaqların müəyyən olunması və təsərrüfat subyektlərinə verilməsinin təmin olunması nəzərdə tutulub.

Bundan başqa, Tədbirlər Planında

- çəltikçilik sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi (çəltikçilik sahəsində fəaliyyət göstərən elmi tədqiqat institutlarının maddi-texniki bazasının gücləndirilməsi, elmi-tədqiqat müəssisələri ilə çəltik istehsalçıları arasında əməkdaşlığın gücləndirilməsi, çəltikçilik sahəsində kadrların hazırlanması, xarici ölkələrlə təcrübə mübadiləsi, çəltiyin seleksiyasına dair tədqiqat işlərinin gücləndirilməsi, yeni sortların öyrənilməsi, yüksək məhsuldar yerli və rayonlaşdırılmış xarici çəltik sortlarının reproduksiyalı toxum istehsalının təşkili, çəltik istehsalı və emalı sahəsində elmi-texniki nailiyyətlərin yayılması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi);

- çəltikçiliyin infrastruktur təminatının yaxşılaşdırılması (çəltik əkini sahələrinin su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, su təsərrüfatı obyektlərinin təmir-bərpası, yenidən qurulması və tikintisi, Əyriçay su anbarının tikintisinin davam etdirilməsi, Əlicançay su anbarı və digərlərinin tikilməsi, çəltik emalı müəssisələrinin elektrik, qaz, su ilə təchizatı və digər infrastruktur sistemlərinə qoşulması üzrə tədbirlərin həyata keçirilməsi);

- çəltikçilik sahəsinə dövlət dəstəyinin verilməsi (mütərəqqi texnologiyaların tətbiqi ilə iri çəltikçilik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi, çəltikçiliyin müasir texnika və avadanlıqlarla təminatının gücləndirilməsi, çəltik istehsalçılarının gübrə və bitki mühafizə vasitələri ilə təminatının yaxşılaşdırılması, çəltiyin emalı və qablaşdırılmasını həyata keçirən emal müəssisələrinin yaradılmasının dəstəklənməsi, çəltik əkilən sahələrin hamarlanmasına, ləklərin düzəldilməsinə və istifadə edilən suya əlavə dəstək göstərilməsi imkanlarının araşdırılması, çəltikçilik sahəsində fəaliyyət göstərən istehsalçılara informasiya-məsləhət xidmətləri göstərilməsi),

- çəltikçilik sahəsində marketinq fəaliyyətinin gücləndirilməsi (çəltikçilik üzrə ölkə və beynəlxalq əhəmiyyətli sərgi, yarmarka, konfranslarda iştirak, qabaqcıl nailiyyətlərə görə mükafatlandırma və digər tədbirlərin həyata keçirilməsi, çəltik istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlər barədə məlumatların Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda yerləşdirilməsi və mütəmadi olaraq yenilənməsi) öz əksini tapıb.

Bu işlərin görülməsi Kənd Təsərrüfatı, İqtisadiyyat, Ədliyyə, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinə, Azərbaycan Milli Elmlər Akademiyasına, yerli icra hakimiyyəti orqanlarına, Maliyyə Bazarlarına Nəzarət Palatasına, Əmlak Məsələləri Dövlət Komitəsinə, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə həvalə olunub.

Son xəbərlər

Orphus sistemi