Yuxarı
    Bağlamaq

    Azərbaycan bu il kənd təsərrüfatı istehsalını 2,3% artırıb

    Bu ilin 11 ayında heyvandarlıq məhsulları istehsalı 2,5%, bitkiçilik məhsulları istehsalı isə 2,1% artıb

    Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda bu il dekabrın 1-dək payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin 997,3 min hektar əkin sahəsindən 3 060,1 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 63,4 min ton çox məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil edib. 

    “Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlarda qeyd edilib.

    Məhsul yığımı başlanandan dekabrın 1-dək sahələrdən 880,2 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 48,7 min ton çox kartof, 1 235,4 min ton (21,3 min ton az) tərəvəz, 464,5 min ton (20,0 min ton az) bostan məhsulları, 876,2 min ton (4,4 min ton az) meyvə və giləmeyvə, 134,4 min ton (18,4 min ton az) üzüm, 1 002,1 ton (426,2 ton çox) yaşıl çay yarpağı, 283,5 min ton (114,6 min ton çox) şəkər çuğunduru, 17,1 min ton (1,7 min ton az) dən üçün günəbaxan, 3 594,0 ton (127,9 ton çox) tütün yarpağı yığılıb.

    Noyabr ayının 28-nə sahələrdən 78,2 min ton (43,9 min ton çox) pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilib.

    Bu ilin yanvar-noyabr aylarında 435,6 min ton, yaxud əvvəlki ilin yanvar-noyabr aylarına nisbətən 1,6 % çox diri çəkidə ət, 1 833,0 min ton (3,1 % çox) süd, 1 470,6 mln. ədəd (4,8% çox) yumurta, 16,5 min ton (1,6% az) yun istehsal olunub.

    Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,3%, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,5%, bitkiçilik məhsulları istehsalı isə 2,1% artıb.

    Gələn ilin məhsulu üçün 993,5 min hektar sahədə şum qaldırılıb, 801,0 min hektar sahəyə dən üçün taxıl, o cümlədən 524,1 min hektar sahəyə buğda, 276,7 min hektar sahəyə arpa və 0,2 min hektar sahəyə digər payızlıq bitkilər səpilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi