​Azərbaycan bir sıra ərzaq məhsulları üzrə idxaldan asılılığı azaldıb

​Azərbaycan bir sıra ərzaq məhsulları üzrə idxaldan asılılığı azaldıb Bununla yanaşı, buğda, kərə yağı, düyü, şəkər və çay istehsalında idxaldan asılılıq hələ də yüksəkdir
ASK
3 Mart , 2015 15:36
​Azərbaycan bir sıra ərzaq məhsulları üzrə idxaldan asılılığı azaldıb

Bakı. 3 mart. REPORT. AZ/ Azərbaycanın bir sıra ərzaq məhsulları üzrə özünü təminetmə səviyyəsi 80%-dən artıqdır. Bunların arasında bitkiçilik məhsullarından arpa, meyvə, paxlalılar, kartof, tərəvəz, bostan məhsulları, heyvandarlıq məhsullarından mal və qoyun əti, eləcə də quş əti və süd məhsulları, qida sənayesi məhsullarından isə süd və qaymaq, un, pendir, mineral və qazlı sular üzrə özünü təminetmə səviyyəsi bu baxımdan məqbul həddədir. "Report"un məlumatına görə, bu barədə "Oxfam" təşkilatının bu gün "Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri" mövzusunda təşkil etdiyi tədqiqatda qeyd olunub.

Qeyd edək ki, bu tədqiqatın məqsədi Azərbaycanın kənd təsərrüfatı məhsulları üzrə xarici ticarət əlaqələrinin ölkənin ərzaq təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi və qida məhsullarının xarici ticarəti sahəsində mövcud maneə və problemlərin aşkarkarlanmasıdır.

Məlumata görə, şəkər və şəkərdən hazırlanmış qənnadi məhsullar üzrə özünü təminetmə səviyyəsi yüksək görünsə də (ortalama 5 il üzrə təxminən 170%), həmin məhsulların istehsalında istifadə olunan xammalın idxaldan asılılıq səviyyəsi 95%-dən yuxarı olub. Bunu digər ərzaq məhsulları üzrə də müşahidə etmək olar. Belə ki, unla təminat səviyyəsi yüksək olsa da, un üçün taxılın böyük bir hissəsi idxal olunur. Digər tərəfdən süd məhsulları üzrə özünü təminetmə səviyyəsi 97%-dən yuxarıdırsa, xam süd üzrə idxaldan asılılıq 2013-cü ildə 24% olub. Nəzərə alsaq ki, süd məhsullarının böyük bir hissəsi quru süddən istehsal edilir və bu, əsasən idxal olunur, həmin göstərici daha da arta bilər.

Tədbirdə qeyd olunub ki, 2013-cü ildə idxaldan asılılıq buğdada 44%, qarğıdalı 40%, sair dənli bitkilərdə 97%, kərə yağında 50%, balıqda 28%, düyüdə 85%, şəkərdə 95%, çayda 100%, bitki yağında 80%, duzda 22% olub. Bu isə ərzaq təhlükəsizliyi baxımından ciddi rəqəmdir.

Tədqiqata əsasən, 2013-cü ildə Azərbaycanın ərzaqla özünü təminetmə səviyyəsi 81,2%, idxaldan asılılıq səviyyəsi isə 22% olub. Son illərdə idxaldan asılılıq səviyyəsinin azaldılmasında bəzi məhsullarda irəliləyiş əldə edilib. Belə ki, süd məhsullarında 2009-cu ildə idxaldan asılılıq 30% idisə, 2013-cü ildə bu rəqəm 24%-ə düşüb. Meyvə şirələrində idxaldan asılılıq 2009-cu ildəki 47,1%-dən 18,1%-ə düşüb. Ən müsbət dinamika isə duz məhsulu üzrə müşahidə olunub - son 5 ildə idxaldan asılılıq 86,7%-dən 22,3%-ə enib.

Qeyd edək ki, bununla yanaşı toplantıda Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük çərçivəsində üzvlüyün kənd təsərrüfatına mümkün təsirləri, ÜTT-nin bu sahədə tələbləri, Azərbaycanın həmin tələbləri yerinə yetirən ölkələrlə ticarət münasibətlərinin gələcək aqibəti, ÜTT-yə üzvlüyün kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə təsiri ilə bağlı ölkədəki narahatlıqlar, üzvlük prosesinin gecikdirilməsinin zərərləri, model ölkələrin qida təhlükəsizliyi sahəsində ÜTT-yə üzvlükdən əvvəl və sonrakı vəziyyəti, ÜTT-yə üzvlük çərçivəsində ərzaq təhlükəsizliyinin təmin edilməsinin təhlil edilərək təkliflər verilib. 

Son xəbərlər

Orphus sistemi