Astarada arıçılığın inkişafında güzəştli kreditlərin verilməsinə dair işgüzar forum keçirilib

Astarada arıçılığın inkişafında güzəştli kreditlərin verilməsinə dair işgüzar forum keçirilib İndiyədək arıçılığın inkişafı istiqamətində 250 sahibkara 2,8 mln. manat dövlətin güzəştli krediti verilib
ASK
16 Aprel , 2015 20:07
Astarada arıçılığın inkişafında güzəştli kreditlərin verilməsinə dair işgüzar forum keçirilib

Bakı. 16 aprel. REPORT.AZ/ Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum aprelin 16-da Astara rayonunun Vaqo kəndində təşkil olunub. 

"Report" İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına əsasən xəbər verir ki, işgüzar forumun keçirilməsində əsas məqsəd güzəştli kreditlərin alınması mexanizmi barədə sahibkarlara ətraflı məlumatların verilməsi, Astarada həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

80-ə yaxın sahibkarın iştirak etdiyi tədbir çərçivəsində Astara rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”, cins heyvandarlıq, arıçılıq, çayçılıq və intensiv bağçılıq təsərrüfatlarının, corab istehsalı, balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində 1570 sahibkara 47,2 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır. Qeyd edilib ki, ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2273 investisiya layihəsinin maliyyələşdirilməsinə 100,1 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarının, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması kimi sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 10700-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 67 sahibkara 646 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, arıçılıq, tərəvəzçilik, çayçılıq, kartofçuluq, quşçuluq kimi sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 90-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Astarada güzəştli kredit ayrılmış arıçılıq təsərrüfatlarına baxış keçirilib. Qeyd edək ki, indiyədək arıçılığın inkişafı istiqamətində 250 sahibkara 2,8 mln. manat dövlətin güzəştli krediti verilib.

Son xəbərlər

Orphus sistemi