Aqrar Sığorta Fondu Şəkidəki fermerlərə ödəniş etməyə başlayıb

Aqrar Sığorta Fondu Şəkidəki fermerlərə ödəniş etməyə başlayıb Aqrar Sığorta Fondu bu ilin mart ayında Şəkidə baş vermiş təbii fəlakət nəticəsində təsərrüfatlarına zərər dəymiş fermerlərə ödəniş etməyə başlayıb.
ASK
17 Noyabr , 2022 14:53
Aqrar Sığorta Fondu Şəkidəki fermerlərə ödəniş etməyə başlayıb

Aqrar Sığorta Fondu bu ilin mart ayında Şəkidə baş vermiş təbii fəlakət nəticəsində təsərrüfatlarına zərər dəymiş fermerlərə ödəniş etməyə başlayıb.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Şəki rayonunun Turan qəsəbəsi, Şəki, Dərəcənnət, Sarıca, Bolludərə, Qayabaşı, Qaratorpaq, Çayqaraqoyunlu və digər kəndlərində baş verən güclü fırtına əkin sahələrinə, xüsusilə taxıl zəmilərinə böyük zərər vurub. Məhsullarını sığortalayan fermerlər Fonda məlumat verildikdən sonra müstəqil ekspertlər sahələrə dəyən zərəri qiymətləndiriblər. Qiymətləndirmə zamanı Şəkidə 354 müqavilə üzrə 500 000 manat zərər ödənişi öz təsdiqini tapıb.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovun sözlərinə görə, bu günlərdə Qobustan rayonunda fırtınadan zərər çəkən təsərrüfatların sahiblərinə 300 000 manat sığorta vəsaiti ödənilib. Artıq Şəki üzrə də ümumilikdə 500 000 manat məbləğində zərər ödənişlərinə başlanılıb: “Artıq aqrar sığorta sistemi ölkənin bütün bölgələrində tətbiq olunaraq istehsal həcminin təxminən 95 faizini əhatə edir. Kənd təsərrüfatı sahəsində çalışan bütün fermerlər aqrar sığorta sisteminin xidmətlərindən istifadə edə bilərlər”.

Aqrar Sığorta Fondunun bu ilin sonuna qədər bitkiçilik təsərrüfatlarında baş verən hadisələrlə bağlı 3 milyon manat ödəniş edəcəyi gözlənilir.

2021-2022-ci il əkin mövsümündə Şəkidə 3279 sığorta müqaviləsi üzrə 27283 hektar təsərrüfat sığortalanıb. Sığortalanmış ərazilərin 90%-ni taxıl, 10%-ni fındıq sahələri təşkil edir.

Son xəbərlər

Orphus sistemi