“Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi”nə start verildi

“Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi”nə start verildi “Kənd təsərrüfatı həm Avropa İttifaqı, həm də Azərbaycan üçün prioritet sahələrdən biridir”.
ASK
127
20 Fevral , 2020 11:00
“Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi”nə start verildi

“Kənd təsərrüfatı həm Avropa İttifaqı, həm də Azərbaycan üçün prioritet sahələrdən biridir”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas təmsil etdiyi qurumun maliyyələşdirdiyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə icra etdiyi “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsinin açılış mərasimində deyib.

“Aİ bu layihədə sadəcə donor qismində çıxış etmir, biz həmçinin 27 ölkənin aqrar təcrübəsini Azərbaycanla bölüşəcəyik. Layihə 2 il davam edəcək. Azərbaycan fermerləri ən yaxşı texnologiyalardan istifadə etməyə və məlumatlara çıxış əldə etməyə layiqdirlər. Ümid edirik ki, layihə çərçivəsində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artacaq, məhsulların keyfiyyəti yüksələcək. Ümumilikdə, layihə ölkənin bütün regionlarının inkişafına dəstək verəcək və ümidvaram ki, yaxın gələcəkdə Azərbaycan regionları daha da inkişaf edəcək”, - deyə səfir qeyd edib.

Onun sözlərinə görə, Aİ-nın büdcəsinin 1/3 hissəsi kənd təsərrüfatı siyasətinə yönəlib: “Biz kənd təsərrüfatı sahəsində müasir texnologiyaların tətbiqinə investisiyalar qoyuruq. Aqrar sahədə təhsil də mühüm rol oynayır.

Azərbaycan hökuməti fermerlərə subsidiya ayırmalaq onlara dəstək verir. Aİ-da da fermerlərə subsidiyalar ödənilir. Amma bunun əvəzində istəyirik ki, fermelər standartlara uyğun və keyfiyyətli məhsullarla bazara çıxsınlar. Bu həm də onun üçün vacibdir ki, yeni Avropa Komissiyası formalaşıb. Bir nömrəli prioritet hazırda "Yaşıl saziş"dir. Bu saziş gələcəkdə necə bir dünyada yaşamağımız və gələcək nəsillərə necə bir ətraf mühit qoymağımız baxımından vacibdir. Məqsəd ekologiyanın dayanıqlı olmasıdır”. 

FAO-nun Baş qərargahının Aparıcı Texniki Mütəxəssisi xanım Nevena Aleksandrova isə qeyd edib ki, əsas məqsəd Azərbaycanda bütün fermerlərin ehtiyaclarına cavab verən və aqrar sektorda yenilikləri artıra biləcək müasir məsləhət xidmətlərinin göstərilməsi üçün işlək, effektiv və səmərəli model hazırlamaqdır. O, vurğulayıb ki, kənd təsərrüfatında məsləhət xidmətlərinin keyfiyyətə nəzarəti təmin edən effektiv bir sistemə çevrilməsi vacibdir. Sözügedən layihə aqrar məsləhət xidmətlərinin rəqəmsallaşdırılması, bilik və bacarıqların artırılması üçün ölkə daxilində məsləhətçilər şəbəkəsini yaratmaqla məlumatları tənzimləyən mexanizmləri inkişaf etdirir.

Layihə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmakın rəhbərliyi ilə həyata keçiriləcək. O, layihənin fermerlər və kənd əhalisi üçün əhəmiyyətini vurğulayaraq məlumat və məsləhət xidmətlərinin vacibliyini önə çəkib, kənd yerlərində kiçik sahibkarlara, qadınlara və gənclərin informasiya-məsləhət xidmətlərinə olan ehtiyaclarının ödənilməsində əhəmiyyətli rol oynayacağına əmin olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi