Aqrar Kredit və İnkişaf Agentliyinin yaradılması fermerlərə böyük dəstəkdir - RƏYLƏR - VİDEO

Aqrar Kredit və İnkişaf Agentliyinin yaradılması fermerlərə böyük dəstəkdir - RƏYLƏR - VİDEO Ötən ilin dekabrın 18-də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi yaradılıb. Bu agentlik fermerlərin işlərini asanlaşdırılması istiqamətində mühüm yenilik kimi qiymətləndirilir.
ASK
4 Sentyabr , 2019 09:29
Aqrar Kredit və İnkişaf Agentliyinin yaradılması fermerlərə böyük dəstəkdir - RƏYLƏR - VİDEO

Ötən ilin dekabrın 18-də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi yaradılıb. Bu agentlik fermerlərin işlərini asanlaşdırılması istiqamətində mühüm yenilik kimi qiymətləndirilir.

Agentliyin vəzifələrinə aqrar sahədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə, ailə-kəndli təsərrüfatlarına müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin ayrılmasını təmin etmək və həmin vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək, kənd təsərrüfatı istehsal vasitələrinə (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, damazlıq heyvanlar) dövlət büdcəsi hesabına tətbiq edilən güzəştlərin müvəkkil kredit təşkilatları vasitəsilə verilməsini həyata keçirmək, həmin vəsaitin təyinatı üzrə istifadəsinə nəzarət etmək; kreditlərin və güzəştlərin verilməsi ilə bağlı xidmətlərin elektron qaydada həyata keçirilməsini və qeydiyyatını təmin edən elektron reyestri formalaşdırmaq və digər mühüm vəzifələr daxildir.

Bəs Aqrar Kredit və İnkişaf Agentliyinin fermerlərə rolu nədən ibarətdir?

Naxçıvan Muxtar Respublikasının sabiq kənd təsərrüfatı naziri Rəcəb Orucov hesab edir ki, hazırda Aqrar Kredit və İnkişaf Agentliyi yeni və innovativ yanaşma tətbiq edir: “Həmişə kənd təsərrüfatı sahəsində çalışan investorların, fermerlərin kredit resurslarına çıxışı çox çətin olurdu. Agentlik qurulduqdan sonra kənd təsərrüfatının texniki təminatında əvvəlki şərtlərdən fərqli olaraq bank kreditlərinə və lizinqə çıxış asanlaşıb. Lakin bunun daha da dərinləşməsinə ciddi ehtiyac var. Çünki təchizatçı şirkətlər hələ tam kənd təsərrüfatının texniki təminatını ödəmək iqtidarında deyil. İstehsalın təşkili üçün kredit resursları və texnika ilə təminatı və digər innovativ islahatların kənd təsərrüfatına daxil olması üçün çox münbit şərait yaradılıb. Aqrar Kredit və İnkişaf Agentliyinin bu səpkidə işlərini uğurlu hesab edirəm”.

"Qısa dövrdə ölkəmizdə innovativ texnologiyanın aqrar sektora tətbiqində çox ciddi kəmiyyət və keyfiyyət dəyişkənliyinə səbəb olacaq".

Rəcəb Orucov

Naxçıvan Muxtar Respublikasının sabiq kənd təsərrüfatı naziri

Onun sözlərinə görə, kənd təsərrüfatının müasir texnologiyalarla təmin edilməsi, fermerlərin kiçik məbləğdə kreditlərlə təminatı ilə bağlı hələ də sistemdə icra ediləcək məsələlər var: “İstehsal bazarımızın 90-95 faizi kiçik payı olan torpaq sahiblərin payına düşdüyünə görə kredit resurslarına tələbat çoxdur. Bu onunla bağlıdır ki, bu gün kənd təsərrüfatı müasir dövrün tələblərinə uyğun innovativ texnlogiyalarla təmin edilir. Əvvəlki formatdan fərqli olaraq bugünkü yanaşmalar fərqlidir. Kənd təsərrüfatı texnikası sahəsində aparılan yenilikləri irəliyə doğru atılan addımdır. Belə ki, bu il taxıl biçinində 50 hektardan az olan tarlaları olan şəxslər biçini ön plana çəkib. Amma ölkədə 50 hektara sahib olan fermerin texnikaya çıxış imkanı genişdir, sadə kəndlinin isə texnikaya çıxış imkanlarının əldə edilməsində bir sıra problemləri var. Ona görə də 50 hektar pay torpağına malik olanların texniki təminatı ilə bağı çox münbit şəraiti var. Bununla yanaşı, əvvəlki formatdan fərqli olaraq hazırda istehsalçı istədiyi texnikanı gətirə bilər və lizinq təşkilatını özü müəyyənləşdirir”.

R.Orucov qeyd edib ki, qısa dövrdə ölkəmizdə innovativ texnologiyanın aqrar sektora tətbiqində çox ciddi kəmiyyət və keyfiyyət dəyişkənliyinə səbəb olacaq: “Artıq çox ciddi texnoparklar yaradılıb. Həmin texnoparklar imkan verir ki, bütün istehsalat prosesinin texniki təminatını tamamilə öz müəssisələrin daxili vəsaiti hesabına ödəsinlər. Bu da daha kiçik mülkiyyətçilərin aqrolizinqdən istifadə edərək texniki imkanlarının yaxşılaşdırılması üçün münbit şərait yaradır". 

Bununla yanaşı, ölkəmizdə vahid elektron idarəetmə mərkəzlərinə inteqrasiya məsələləri gündəmdədir. "Bunun bir hissəsi isə kənd təsərrüfatını əhatə edir. Kənd təsərrüfatında istehsalın uçot sisteminin qurulması, subsidiyların verilməsi əvvəllər çox ciddi probemlər yaradırdı. Bir neçə instansiyanın təsdiqindən keçəndən sonra baş tuturdu, bu işin şəffaflaşması istiqamətində yeni elektron subsidiya sisteminin qurulması çox mükəmməl addımdır”, - deyə R.Orucov bildirib.

O əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiqlənmiş subsidiya qaydalarının tətbiqi ilə bu sahədə şəffaflığın və ədalətin tətbiqi üçün çox gözəl vasitə olacaq: “İnnovativ yanaşmadır və təqdirə layiq haldır. Gələcəkdə bu sistem vasitəsilə dövlət vəsaitlərin düzgün istifadəsi, məhsulun istifadəsinə görə subsidiyaların tətbiqi, texniki bitkilərə mütəmadi kreditlərin yönəldilməsi, şəffaflığın, düzgünlüyün təmin edilməsi üçün çox mütərəqqi bir metoddur. Subsidiyların elektonlaşdırılması dünyada geniş yayılıb. Hesab edirəm ki, sistemə inteqrasiyamız aqrar sektorda dövlət tərəfindən ayrılan subsidiyaların şəffaf şəkildə torpaq mülkiyyətçilərinə çatdırılması üçün çox gözəl və irəliyə dogru atılmış innovativ islahatlardan biridir”.

Xatırladaq ki, 2019-cu ildə Respublika Komissiyası 59 rayon (şəhər) üzrə 383 665 istehsalçıya 1 214 259 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 83 241 min manat, 36 rayon (şəhər) üzrə 5 543 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 624 428 kiloqram yaş baramaya görə dövlət büdcəsinin vəsaiti hesabına 3 122 min manat məbləğində subsidiya ödənilməsi barədə qərar qəbul edib.

Respublika Komissiyası qeyd edilənlərlə yanaşı, 23 satıcı təşkilata 92 137 istehsalçıya 388 450 hektara görə satılmış mineral gübrələrin qiymətinə tətbiq edilmiş 36 447 min manat, 64 757 istehsalçıya 253 428 hektara görə satılmış pestisidlərin qiymətinə tətbiq edilmiş 8 132 min manat, cəmi 44 580 min manat məbləğində güzəştin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qərar qəbul edib.

Aqranom Samir Həsənov isə bildirir ki, pambıqçılıqda subsidiyaların verilməsi fermerin bu sahəyə marağı artırır: “İldən ilə əkilən sahələrin miqdarı artır”.

Ekspert Fərman Quliyev hesab edir ki, ölkə rəhbərinin qeyri-neft sektorunu inkişaf etdirməsi, aqrar sahənin genişləndirilməsinə səbəb olur və gələcəkdə onun inkişafı üçün optimal şərait yaradır.

O həmçinin əlavə edib ki, aqrar sektorda kooperativlərin inkişaf etdirilməsi mühüm əhəmiyyətə malikdir: “Fermer təşkilatlarını birləşdirmək, kooperativ halında birgə inkişaf etdirmək, onlar üçün lizinq təşkilatları yaradılmasına diqqət yetirilir”. 

Bildirək ki, bu ilin sonunda azərbaycanlı fermerlərə dövlətdən subsidiya almaq üçün yeni plastik kartlarının paylanılmasına başlanılacaq. Təsərrüfat sahiblərinə yeni kartlar bu il üçün nəzərdə tutulmuş subsidiyalar ödənildikdən sonra paylanılacaq. İlkin mərhələdə 300 mindən bir qədər artıq sahibkara subsidiya kartlarının paylanmasına başlanılacaq. Aqrar Kredit və İnkişaf Agentliyinin yaradılması fermerlərə dəstək göstərən əsas vasitələrdən birinə çevrilməkdədir. Bu isə gələcəkdə kənd təsərrüfatı sahəsinin inkişafına töhfəsini verəcək. 

Son xəbərlər

Orphus sistemi