Aparat rəhbəri: "Azərbaycanda aparılmış torpaq islahatı nəticəsində torpaqlar həddən artıq parçalanıb"

Aparat rəhbəri: "Azərbaycanda aparılmış torpaq islahatı nəticəsində torpaqlar həddən artıq parçalanıb" Bu, Bakıda torpaqların konsolidasiyası üzrə milli strategiyanın hazırlanmasına dəstək seminarında bildirilib
ASK
29 Sentyabr , 2016 16:16
Aparat rəhbəri: Azərbaycanda aparılmış torpaq islahatı nəticəsində torpaqlar həddən artıq parçalanıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə “Torpaqların konsolidasiyası üzrə Milli Strategiyanın hazırlanmasına dəstək və Torpaqların konsolidasiyası üzrə Pilot Layihə”nin başlanğıc seminarı keçirilib. 

"Report" xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı, İqtisadiyyat və Maliyyə nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, eləcə də digər dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov FAO ilə genişlənən əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, ölkədə aqrar sektorun inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilən sistemli tədbirlər və institusional islahatların tərkib hissəsi olan torpaqların konsolidasiyası məsələsinin aqrar siyasətin prioritet istiqamətlərindən biri kimi vacibliyini vurğulayıb. 

"Bu baxımdan, ölkədə aparılmış torpaq islahatı nəticəsində torpaqlar həddən artıq parçalanıb, çox sayda kiçik və orta həcmli ailə təsərrüfatları meydana çıxıb və bu vəziyyət kənd təsərrüfatı sektorunun inkişafına, onun potensialından tam bəhrələnməyə, aqrar sahədə rəqabət qabiliyyətinin və məhsuldarlığın artırılmasına mane olan amillərdən biridir” - İ.Bayramov deyib. O, həmçinin son dövrlərdə ölkədə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar barədə geniş məlumat verib.

Açılış nitqindən sonra, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak çıxış edərək, FAO-Azərbaycan əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini və Azərbaycan hökuməti tərəfindən FAO-nun fəaliyyətinə və layihələrinin icrasına göstərdiyi dəstəyin region dövlətləri üçün nümunə olduğunu qeyd edib. 

Eyni zamanda, FAO tərəfindən maliyyələşən və icrası iki il davam edəcək layihə barədə məlumat verən M.Çakmak layihənin Nazirliyin müraciətinə əsasən hazırlandığını və FAO-nun Azərbaycan üzrə ölkə proqramı çərçivəsinə daxil edildiyini bildirib. O, layihənin həm də kənd yerlərində həyat səviyyəsinin yaxşılaşdırılması və yoxsulluğun azaldılması üçün kiçik torpaq mülkiyyətçilərinin səlahiyyətləndirilməsinə dair FAO-nun regional təşəbbüsləri ilə üzvi vəhdət təşkil etdiyini söyləyib.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Sahib Şükürov təqdimatla çıxış edərək, Azərbaycanda torpaq istifadəçiliyinin müasir vəziyyəti ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. 

Daha sonra FAO-nun torpaq məsələləri üzrə baş texniki eksperti Morten Hartviqsen layihənin təqdimatında Mərkəzi və Şərqi Avropada torpaqların konsolidasiyası sahəsində FAO-nun əhəmiyyətli dərəcədə bilik və təcrübəsinin olduğunu bildirib.

Təqdimatlardan sonra geniş fikir mübadiləsi aparılıb və qeyd olunan məsələlərə dair iştirakçıların sualları cavablandırılıb. Bununla da seminar işini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi