AKİA həyata keçirdiyi layihələrin ötənilki nəticələrini açıqlayıb

AKİA həyata keçirdiyi layihələrin ötənilki nəticələrini açıqlayıb 392 yeni iş yeri yaradılıb
ASK
3 Mart , 2021 16:33
AKİA həyata keçirdiyi layihələrin ötənilki nəticələrini açıqlayıb

2020-ci ildə Azərbaycanla Dünya Bankının birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində 30 sub-borcalan təsərrüfata 6,735 milyon manat güzəştli kənd təsərrüfatı krediti verilib və nəticədə 392 yeni iş yeri yaradılıb.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) istinadən xəbər verir.

Məlumata görə, layihənin innovativ fəaliyyətlərindən olan aqrobiznes dəyər zəncirlərinin yaradılması istiqamətində işlər davam etdirilərək ötən il 1,13 milyon ABŞ dolları (1,92 milyo manat) məbləğində qrant vəsaiti verilib. Belə ki, hesabat ili ərzində “Lənkəranda çəltiyin müasir üsullarla istehsalı və emalı” dəyər zənciri sub-layihəsinin icrası yekunlaşıb və rəsmi açılışı keçirilib. “Xaçmaz rayonunda balın müasir istehsalı və qablaşdırılması” və “Qəbələ rayonunda fındığın müasir üsullarla emalı və qablaşdırılması” dəyər zənciri sub-layihələrinin icrası yekunlaşıb, lakin COVİD-19 pandemiyası ilə əlaqədar rəsmi açılışlar keçirilməyib. Hər iki sub-layihədə nəzərdə tutulan hədəflər qarşılanıb.

Digər 15 sub-layihənin icrası nəticəsində indiyə qədər 1 375 daimi və mövsümi iş yerləri yaradılıb.

“Heyvan sağlamlığı və baytarlıq xidmətləri” istiqamətində iri və xırdabuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyinə qarşı mübarizə tədbirləri çərçivəsində nəzərdə tutulmuş həcmdə peyvənd tədarük edilib və ölkəni əhatə edən peyvəndləmə kampaniyası davam etdirilib. Nəticədə 2020-ci il ərzində 4 809 617 baş xırdabuynuzlu və 1 140 420 baş iribuynuzlu heyvan peyvənd edilib.

Layihənin heyvan sağlamlığı və baytarlıq xidmətləri sub-komponenti çərçivəsində köməkçi operatorların hazırlanması üçün 104 nəfər baytar həkimə (baş baytar həkim və epidemioloqlar) tədris metodikasının təşkili, sahə baytar həkimləri üçün yardım göstərəcək 1 761 nəfər köməkçi operatorların hazırlanması, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin ölkə üzrə sahə baytarlıq məntəqələrinin 1.624 baytar mütəxəssisi üçün əməyin mühafizəsi və ətraf mühitin qorunması mövzularında təlimlər keçirilib.

Layihənin bitki sağlamlığı istiqamətində fitosanitar müfəttişlər, elmi-tədqiqat institutlarının mütəxəssisləri, həmçinin alimlər və tələbələr arasında geniş istifadə olunan “Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərverici orqanizmlər” adlı ölkədə ilk dəfə hazırlanmış atlas əsasında www.pest-atlas.az elektron portal hazırlanıb. Portal vasitəsi ilə atlasın elektron versiyası üzrə müxtəlif axtarış imkanları təmin edilib.

Azərbaycanla Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) və İslam İnkişaf Bankının birgə həyata keçirdiyi “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi” (KYKİL) çərçivəsində 2020-ci ildə Yevlax rayonunda 9 Sudan İstifadəedənlər Birlikləri (SİB) ərazisində təsərrüfatdaxili suvarma sistemləri üzrə 109,4 km torpaq, 10,9 km yeni beton üzlüklü, 53,5 km mövcud beton və nov kanallarda işlər aparılıb, 275 ədəd müxtəlif hidrotexniki qurğular tikilib.

Həmçinin Yevlax rayonunun Aran qəsəbəsində 4 000 ha ərazinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə metal boru xətti çəkilib. Ağdaş rayonunda 8 SİB ərazisində təsərrüfatdaxili suvarma sistemləri üzrə 122,6 km torpaq kanallarda, 63,6 km mövcud beton və yeni beton kanallarda, 10,5 km nov kanallarda, 51,0 km drenaj kanallarda işlər aparılıb, 621 ədəd yeni hidrotexniki qurğu tikilib, 169 qurğu isə təmir olunub.

Torpaq kanalların beton kanallarla əvəzlənməsi su itkilərini 45 % azaldıb, görülmüş işlər nəticəsində hər iki rayon üzrə 124 kəndin 26 603 təsərrüfatında 73 293 ha ərazidə suvarma suyuna olan tələbat yaxşılaşıb.

Yevlax və Ağdaş rayonlarında 17 SİB üçün yeni ofis binalarının tikintisi yekunlaşaraq istismara verilib, müvafiq ofis avadanlıqları və mebel ilə təhciz edilib.

Layihənin icra edildiyi ərazilərdə (Yevlax, Ağdaş, Oğuz, Şəki) 200 kənddə səfərbərlik aparılaraq müəyyən edilmiş ehtiyaclar əsasında Kənd Fəaliyyət Planları (KFP) hazırlanıb, 200 kəndin 32.000-dən çox ailə-kəndli təsərrüfatını əhatə edən 135 sosial infrastruktur (63 içməli su, 41 suvarma kanallarının təmizlənməsi, 10 drenaj, 17 yol, 3 tibb məntəqəsi və 1 məktəbin istilik sisteminin yaxşılaşdırılması) obyekti layihələndirilib, onlardan 91 layihə üzrə (40 içməli suyun bərpası, 32 suvarma suyunun bərpası, 11 yolun bərpası, 1 tibb məntəqəsinin tikintisi, 6 drenaj şəbəkəsinin yaxşılaşdırılması, 1 məktəbin istilik sisteminin yaxşılaşdırılması) işlər tamamlanıb.

KYKİL–in kənd təsərrüfatı məhsuldarlığı və rentabelliyin artırılması komponenti çərçivəsində layihə ərazisinin 81 kəndinin 424 təsərrüfatında 546 iribuynuzlu heyvana süni mayalanma xidmətləri göstərilib, 310 ədəd yeni buzov əldə olunub. 46 kəndin 247 təsərrüfatında baytarlıq xidmətləri göstərilib.

Azərbaycanla Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) birgə həyata keçirdiyi “Azərbaycanın İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi” layihəsi çərçivəsində “Toxumçuluq haqqında” və “Bitki sortlarının mühafizəsi haqqında” qanun layihələri hazırlanıb. Qanun layihələrinə nazirlikdə baxılıb, digər qurumlara rəy və təklif üçün göndərilib.

Kənd təsərrüfatı sektorunda investisiyanın təşviqi - Aqrobiznes İnvestisiya Təşviqinə dair 2020-ci il üzrə Fəaliyyət Planı hazırlanıb. Ölkə üçün prioritetləşdirilən sub-sektorlar üzrə (xurma, fındıq, pomidor və nar) benchmarking (müqayisəli təhlil) hazırlanıb, həmçinin bacarıqların artırılması üzrə təlim keçirilib.

Seçilmiş istiqamətlər (xurma, fındıq, pomidor və nar) üzrə 250 beynəlxalq şirkət arasından 50 potensial investor müəyyənləşdirilib. Potensial investorlara göndərilməsi (fındıq məhsulu üzrə) üçün ilkin məktub və təqdimat İFC ilə razılaşdırılmaqla hazırlanıb. Hal hazırda aidiyyəti üzrə imzalandıqdan sonra göndərilməsi üçün yekun işlər görülməkdədir.

2020-ci ildə kənd təsərrüfatı sahəsində beynəlxalq təşkilatların dəstəyi ilə və dövlət büdcəsindən ayrılmış vəsait hesabına ümumilikdə 19 texniki yardım layihəsi həyata keçirilib, onlardan “Mərkəzi Asiyada kənd təsərrüfatı üzrə informasiya və məsləhət xidmətlərinin potensialının gücləndirilməsi” layihəsinin icrası 2020-ci ildə uğurla başa çatdırılıb və 18 layihənin icrası davam etdirilir. Bu layihələr çərçivəsində, əsasən, heyvandarlıq (iri və xırdabuynuzlu), bitkiçilik (fındıqçılıq, sağlam kartof toxumçuluğu, aqro-bioloji müxtəlifliyin mühafizəsi), kənd təsərrüfatında subsidiya mexanizminin təkmilləşdirilməsi, aqrar sahədə informasiya və məsləhət xidməti, aqrobiznes investisiyalarının cəlbi, gənclərin və qadınların məşğulluğu kimi fəaliyyətlər nəticəsində kənd ərazilərinin inkişafının davamlılığının təmin edilməsi istiqamətlərində kənd təsərrüfatı sahəsinə müsbət töhfələr verilib.

Son xəbərlər

Orphus sistemi