Yuxarı

​Ağcabədidə aşkar edilmiş yararsız ət sahiblərinin fəaliyyəti dayandırılıb

Onların bir qismi cərimə olunub

Bakı. 10 may. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar olaraq aparılan tədbirlər çərçivəsində Ağcabədi rayonunun Aşağı Avşar kəndində məlumat əsasında reyd keçirib. Reyd zamanı kənd ərazisində qeyri-qanuni fəaliyyət göstərən 4 ədəd heyvan kəsim yerləri müəyyən edilib. 

DBNX-dən "Report"a daxil olan məlumata görə, qeyd edilən heyvan kəsim yerləri  kənd sakinləri Şamil Məzahir oğlu Rüstəmov, Pənah Əvəz oğlu Mamedov, Cəmil Yunis oğlu İsmayılov və Taleh İbad oğlu Məhərrəmova məxsus olub. 

Qanunsuz fəaliyyət göstərən Ş.Rüstəmova məxsus heyvan kəsim yerində mənşəyi və sağlamlığına dair heç bir müşahidəedici sənədi olmayan, xarici görünüşü, orqonoleptik göstəriciləri şübhə doğuran, baytarlıq müayinəsindən keçməyən 1 baş iribuynuzlu və 2 baş xırdabuynuzlu heyvan cəmdəkləri aşkar edilib. Heyvan cəmdəklərindən müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriyada aparılan müayinələr zamanı 2 nümunə xırdabuynuzlu heyvan ətində bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr zamanı isə 2 nümunə xırdabuynuzlu heyvan ətinin keyfiyyətsiz və baytarıq-sanitariya cəhətdən qida üçün yararsız olması müəyyən edilib.

Laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq Ağcabədi rayonunun Aşağı Avşar kəndində aşkarlanan yararsız xırdabuynuzlu heyvan cəmdəkləri baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib.

Qeyd edək ki, İnzibatı Xətalar Məcəlləsinin 289.0.1. (baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə) və 289.0.2. (heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına) maddələrinin tələblərini pozduqlarına görə fiziki şəxs qismində hər dörd kəsim obyetinin sahibləri barədə inzibati protokol tərtib olunmuş və Ağcabədi rayon baytarlıq müfəttişinin qərar ilə onların hər biri 200 manat miqdarında cərimə ediliblər. Eləcə də Ağcabədi rayon baytarlıq müfəttişliyinin qərarları ilə qeyri-qanuni fəaliyyət göstərən kəsim yerlərinin fəaliyyəti müvəqqəti dayandırılıb.

DBNX bildirir ki, bu istiqamətdə lazımi tədbirlər bundan sonra da ardıcıl olaraq davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi