Yuxarı
    Bağlamaq

    ABAD sektor müdiri: "Azərbaycanda kiçik ailə təsərrüfatları brendləşdiriləcək" - MÜSAHİBƏ

    ABAD məhsullarının satışa çıxarılacağı ticarət mərkəzləri ilə danışıqlar aparılır və artıq ilkin satış nöqtələri müəyyənləşdirilib

    Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin İctimaiyyətlə əlaqələr üzrə sektor müdiri Elvin Şirinlinin "Report"a müsahibəsi:

    - “ABAD” (Ailə Biznesinə Asan Dəstək) layihəsini həyata keçirmək ideyası necə yaranıb?

    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxs yaradılıb.

    “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd ölkədə ailə bizneslərinin inkişafı və formalaşmasına dəstək göstərmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaqdır.

    Bu gün dünyanın bir çox ölkələrində əsasını ailə təsərrüfatlarından – ailə bizneslərindən götürən minlərlə şirkət var. İlkin mərhələdə kiçik ailə təsərrüfatı kimi fəaliyyətə başlasalar da, daha sonra öz fəaliyyətlərini dövrün tələblərinə uyğunlaşdıran bu ailə biznesləri sonda böyük şirkətlər, səhmdar cəmiyyətləri, hətta iri korporasiyalara çevriliblər.
    Azərbaycanda da təsərrüfatın müxtəlif sahələrində çalışan bir çox kiçik ailə təsərrüfatları mövcuddur. Lakin bu gün onlar öz məhsullarını mövcud bazar tələblərinə uyğun hazırlamaqda çətinlik çəkirlər, yaxud bazarda tələbatı ödəyəcək miqdarda məhsul istehsal edə bilmirlər. Öz təsərrüfatlarının müasir tələblərə uyğunlaşdırılması, standartlara cavab verən məhsul istehsalı və onun qablaşdırılması, dizaynı, təbliğatının aparılması isə bir ailə üçün böyük xərclər tələb edir. Bildiyimiz kimi, istehsalatda çəkilən xərclər məhsulun son qiymətinə daxildir və belə olan halda, ailənin istehsal etdiyi məhsulun qiyməti çox yüksək, son nəticədə isə rəqabətqabiliyyətli olmur.

    Yuxarıda sadalanan xidmətlərin – sertifikatlaşdırma, qablaşdırma, dizayn, marketinq, PR xidmətlərinin “bir pəncərə” – bir mərkəz vasitəsilə göstərilməsi istehsal olunan məhsulun maya dəyərini azaltmağa və rəqabətqabiliyyətliliyini yüksəltməyə imkan verəcək. Bütün bu xidmətlər isə məhz “ABAD” publik hüquqi şəxsin regionlarda fəaliyyət göstərəcək “ABAD” mərkəzləri vasitəsilə həyata keçiriləcək.

    -Layihə çərçivəsində hansı işlər görülüb?

    - Layihənin həyata keçirilməsi üçün ilkin olaraq, Masallı və Balakən rayonları pilot olaraq seçilib. Masallıdakı “ASAN Həyat” kompleksinin tərkibində “ABAD” mərkəzi artıq fəaliyyət göstərir. Hazırda Balakən rayonunda “ABAD” mərkəzinin fəaliyyətinin təmin edilməsi üçün müvafiq işlər aparılır.

    Bu gün layihə çərçivəsində qeyd olunan regionlarda ailələrlə görüşlər keçirilir, onların biznes imkanları dəyərləndirilir, eyni zamanda, “ABAD”-a qoşulacaq, “ABADçı” statusunu alacaq şəxslərin siyahısı və göstəriləcək dəstəyin həcmi müəyyənləşdirilir.

    Məlum olduğu kimi, imzalanmış fərmana əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində yaradılan “ABAD” publik hüquqi şəxsin fəaliyyətinin həyata keçirilməsində Azərbaycanın Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq edir. Artıq Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarının iştirakı ilə regionlarda əhali ilə görüşlər keçirilib, vətəndaşlara gigiyena, baytarlıq, uyğunluq sertifikatlarının verilməsi qaydaları izah olunub.

    Bununla yanaşı, ABAD məhsullarının satışa çıxarılacağı ticarət mərkəzləri ilə danışıqlar aparılır və artıq ilkin satış nöqtələri müəyyənləşdirilib.

    -Seçim hansı şərtlərə əsasən aparılır?

    - Layihəyə qoşulmaq istəyən Masallı və Balakən sakinləri ərizə-anket ilə öz rayonlarında yerləşən “ABAD” mərkəzinə müraciət edirlər. “ABAD” mərkəzinin əməkdaşları tərəfindən ərizəçinin potensialı tam olaraq araşdırılır. Müraciətin nəticəsi müsbət qiymətləndirildikdə ərizəçiyə göstəriləcək texniki dəstəyin forması müəyyən edilir. Növbəti mərhələdə ABAD-a qoşulmuş vətəndaşa – ABAD-çıya müvafiq dəstək göstəriləcək.

    Daha sonra “ABAD” tərəfindən qəbul olunmuş standartlara uyğun olaraq, istehsal ediləcək məhsulun dizaynı, ailə brendi hazırlanır, məhsul “bir pəncərə” prinsipi vasitəsilə sertifikatlaşdırılır. İstehsal prosesindən sonra məhsul nəzərdə tutulmuş regionda yerləşən anbara, daha sonra isə müəyyənləşdirilmiş satış nöqtələrinə çatdırılır. Daşınma prosesi “ABAD” tərəfindən həyata keçirilir.

    - “ABAD” çərçivəsində konkret olaraq hansı sahələr artıq seçilib və ya ilkin hansı sahələr ola bilər?

    - Pilot layihə çərçivəsində ərzaq və sənətəkarlıq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailələrə dəstək göstərəcək. Ərzaq məhsulları sahəsində ət, süd, meyvə və tərəvəz məhsullarının istehsalı nəzərdə tutulur. Buraya kolbasalar, mürəbbə və cemlər, turşular, ağartı məhsullarının istehsalı daxildir. Gələcəkdə bu siyahı genişləndiriləcək. Həmin məhsullar öz yüksək keyfiyyəti ilə fərqlənəcək.

    Sənətkarlıq sahəsi üzrə toxuculuq, oymaçılıq, həsirçilik, zərgərlik, dulusçuluq və bu kimi başqa əl işləri ilə məşğul olan ailələrin müraciətləri qiymətləndirilir. Artıq Masallı və Balakən rayonlarında sadalanan istiqamətlər üzrə ailələr seçilir.

    Satış bazarı olaraq “ABAD”çının məhsulunun bazara çıxarılması üçün artıq “BRAVO” marketlər şəbəkəsi ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb. “ABAD”da hazırlanan məhsullar ilk olaraq “BRAVO”da satışa çıxarılacaq. Orada xüsusi “ABAD” guşəsi yaradılacaq.

    - “ABAD”a böyük maraq var...

    - Bəli, bu gün “ABAD” konsepsiyası bir sıra beynəlxalq və yerli maliyyə təşkilatlarına təqdim olunub. Bu təşkilatlar bu layihəni birmənalı olaraq dəstəkləyir və onun həyata keçirilməsində lazımi texniki yardım, maliyyə vəsaitinin ayrılması, investisiya yatırımı və digər dəstəyi verməyə hazırdılar.

    Əlavə olaraq onu da qeyd edim ki, artıq Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında “ABAD” mərkəzinin fəaliyyətində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

    İkinci pilot region olan Balakəndə “ABAD” mərkəzinin yaradılması məhz bu əməkdaşlıq çərçivəsində həyata keçirilir.

    Müsahibəni hazırladı: Tural İbadlı və Aynur Əliyeva, foto Elşən Baba

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi