Yuxarı

İran XİN başçısının istefası - səlahiyyət bölgüsü böhranı - ŞƏRH

Qərb İranla danışıqları kimlə aparmalıdır?

Bakı. 27 fevral. REPORT.AZ/ İranın nüvə proqramı “çoxlu su apardığı” kimi, hakimiyyət üçün də çoxsaylı problemlər yaradıb. Son hadisələr isə deməyə əsas verir ki, İslam Respublikasının yuxarı eşalonunda ölkənin nüvə proqramına, ABŞ başda omaqla Qərblə əməkdaşlığa münasibət birmənalı deyil. Ona görə də hökumətdə təmsil olunan, yaxud atom texnologiyası sahəsi ilə məşğul olan neçə-neçə məmur, alim, mütəxəssis ya naməlum səbəbdən öldürülüb, ya İrandan qaçıb, ya istefa verib, ya da tutduğu vəzifədən azad edilib. “Altılıq” ölkələri ilə Tehranın atom-nüvə proqramı üzrə danışıqları xarici işlər naziri birbaşa apardığından, habelə Qərb dövlətlərinin etirazları, ilk növbədə, ona deyildiyindən bu məsələ özünü xarici siyasət idarəsində daha aydın göstərir.

Deməli, fevralın 25-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa vermişdi. O, Suriyadakı hakimiyyətin başçısı Bəşşar Əsədin İrana səfərindən rəhbərlik etdiyi qurumun xəbərsiz olmasını buna səbəb kimi göstərmişdi. Fevralın 26-da İran Prezidenti Həsən Ruhani onun istefasını qəbul etməyib. Bəs Məhəmməd Cavad Zərif niyə istefa vermişdi? Onun istefası niyə qəbul edilmədi? O, İran KİV-inə müsahibəsində Xarici İşlər Nazirliyinin etibarını və nüfuzunu qorumaq məqsədilə istefa verdiyini bildirib: “Nazir olaraq, milli maraqlar və ölkə iqtidarı üçün xarici siyasət idarəsinin funksiyasının nəzərə alınmamasına təzyiq etməli idim”. Onun sözlərinə görə, İranda partiyalar və siyasi qruplar arasında mübarizə xarici siyasətin formalaşdırılmasında “ölümcül zəhər”dir: “Əvvəlcə xarici siyasətimizi partiya və siyasi qruplar arasında mübarizənin predmeti olmasından çıxarmalıyıq”. Nazir Qərb dövlətləri ilə danışıqlara işarə edərək hakimiyyətdaxili mühafizəkar xəttin nümayəndələri tərəfindən təzyiqlərə məruz qaldığını vurğulayıb. Bu cərəyanın təmsilçiləri dəfələrlə 2015-ci ildə İranla “altılıq” arasında əldə edilən Əhatəli Razılaşma sənədinə görə Həsən Ruhani və Məhəmməd Cavad Zərif tənqid edilib. Ötən il ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaları yenidən tətbiq etməyə başlayandan sonra bu istiqamətdə onlar daha çox təzyiq və tənqidlərə məruz qaldı. Beləliklə, nazir xarici siyasət idarəsinə hörmətsizlik edildiyi və xarici siyasət kursunun siyasi qüvvələrarası mübarizə predmeti olduğu, habelə şəxsinə təzyiq göstərildiyi və yersiz tənqidi fikirlər söylənildiyi üçün istefa verdiyini bildirir.

Əslində, məsələnin pərdəarxası məqamlarının olduğu istisna edilmir. İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdəki “Qüds” qanadının komandanı, “qara bahadur” general Qasım Sülyemani ilə Məhəmməd Cavad Zərif arasında “səlahiyyət məsələsi ilə bağlı böhran” yaşandığı iddia edilir. General ayətullah Seyid Əli Xaməneinin birbaşa tabeliyində olan adamdır. O, İranın Yaxın və Orta Şərq, o cümlədən Suriya, İraq və Livanda yürütdüyü siyasəti icra edir. Qasım Süleymaninin bu istiqamətdə fəaliyyətində səlahiyyət həddini aşması isə İran Xarici İşlər Nazirliyinin xoşuna gəlmir. Bu baxımdan, nazirlə general səlahiyyət savaşı da aparır. Belə ehtimal etmək olar ki, Bəşşar Əsədin İrana səfərini, onun Xamənei və Həsən Ruhani ilə görüşlərini generalın təşkil etməsi Zərifi qıcıqlandırıb. O, bu görüşün ondan xəbərsiz həyata keçirilməsinə etiraz olaraq istefa ərizəsini yazıb. Bunu İran rəhbərliyinin Zərifə və Nazirliyə etimadsızlığı kimi də qəbul etmək olar. Görünür, hakimiyyət Bəşşar Əsədin səfəri ilə bağlı xaricə məlumatın sızmasından ehtiyat etdiyi üçün Nazirliyi məlumatlandırmayıb. Çünki Bəşşar Əsədin varlığı, Suriyada oturması İranın bu ölkə və bölgədə fəallığının böyük bir hissəsi deməkdir. Bəşşarın Tehrana səfərinə Məhəmməd Cavad Zərif deyil, Qasım Süleymani qatılıb. Başqa bir ehtimala görə, nazir Qərblə İran arasında “əlaqə kanalı” olaraq tanınır. Bu isə mühafizəkarların xoşuna gəlmir. Onlar Zərifi Qərblə “mülayim” davranmaqda ittiham edirlər. Onun istefasından sonra İranın xarici ölkələrdəki bəzi səfirlərinin də oxşar addım atacaqları deyilirdi. Həsən Ruhaninin nazirin istefasını qəbul etməməsi böyük diplomatik qalmaqalın qarşısının alınması ilə nəticələndi. Ümumiyyətlə Zərif-Süleymani qarşıdurması hakimiyyətdaxili xətlərin mübarizəsi, hakimiyyət bölgüsündəki problemlər, prezidentin başçılıq etdiyi Nazirlər Kabinetinin səlahiyyətsizliyi və başqa bu kimi iqtidar problemi, xarici siyasətdəki çatların görüntüləridir. Bu kimi çatışmazlığı ört-basdır etmək üçün XİN başçısının istefası qəbul edilməyib. Ancaq bu, onun tutduğu vəzifədə daha çox qalacağı demək deyil. Ola bilsin, hakimiyyət bu hadisələrdən bir müddət sonra Məhəmməd Cavad Zərifi tutduğu vəzifədən azad etsin. Hətta ona gələcəkdə cinayət işinin açıla bilməsi ehtimalı az deyil. Tarixi hadisələr sübut edir ki, İran hakimiyyəti istəsə bundan ötrü səbəb tapa bilər. Məhəmməd Cavad Zərif 1960-cı ildə doğulub. ABŞ-da ali təhsil alarkən 1982-ci ildə İranın BMT-dəki nümayəndə heyətinin tərkibində diplomat karyerasına başlayıb. O, İran-İraq müharibəsi zamanı danışıqlarda iştirak edib. 2002-2007-ci illərdə İranın BMT-dəki daimi nümayəndəsi olub. 2003-2005-ci illərdə Həsən Ruhaninin beynəlxalq danışıqlarda başçılıq etdiyi nümayəndə heyətinin üzvü olub. 2007-2010-cu illərdə isə İslam Respublikasının xarici işlər naziri Mənuçehr Müttəkinin baş müşaviri işləyib. 2013-cü ildən isə İranın xarici işlər naziridir. 2015-ci ildə ABŞ, Britaniya, Fransa, Çin, Rusiya və Almaniya arasında imzalanan Əhatəli Razılaşma sənədinin qəhrəmanı olub, o vaxt İranda Məhəmməd Cavad Zərifi çox böyük atəşfəşanlıqla qəhrəman kimi qarşılamışdılar.

Yeri gəlmişkən, İranın son 9 illik diplomatiya tarixində xarici işlər nazirinə qarşı hörmətsizlik ilk hadisə deyil. 2010-cu ilin sonunda Mənuçehr Müttəki Seneqalda ezamiyyətdə olarkən tutduğu vəzifədən azad edilmişdi. Onda keçmiş nazir bu hadisəni belə dəyərləndirmişdi: “Xarici səfərdə ola-ola istefaya göndərilməyim siyasi və diplomatik etiketlərə zidd, təhqiramiz bir addımdır. İşdən çıxarıldığımı danışıqlar apararkən Seneqal rəsmilərindən eşitmişəm. Prezident mənim səfərimin dörd gün çəkəcəyini, azı, iki ölkədə görüş keçirəcəyimi əvvəlcədən bilirdi. Bu qeyri-etik hərəkətləri dayandırın. Bu davranış tərzi nə sistemimizə başucalığı gətirir, nə də onun rəhbərlərinə, nə də əziz İran xalqının mədəniyyətinə uyğundur”. Müttəkinin baş müşavirinin başına da oxşar oyun açıldı. O zaman belə bir sual doğur - İranda Nazirlər Kabinetinə ehtiyac varmı? İranı kim idarə edir: rəhbərliyə başçılıq edən Xamənei, inqilab keşikçiləri, yoxsa Həsən Ruhaninin Nazirlər Kabineti? Bu problem İslam Respublikasında iki, hətta üçhakimiyyətliliyin olduğunu iddia etməyə əsas verir. Bu ölkədə islahat iddiasında olanlar ilk növbədə hakimiyyət bölgüsünə yenidən baxmazsa, perespektivdə İrana beynəlxalq aləmdə etimad olmayacaq. İranın bu məsələdə Qəvam əs-Səltənə təcrübəsi var. İranın şah dövründə Baş nazir olmuş Əhməd Qəvam bir zamanlar Stalini aldatmışdı. Onun o vaxtkı sovet lideri ilə anlaşmasını isə İran parlamenti qanundankənar saymışdı. Bu isə o deməkdir ki, İran Prezidenti, xarici işlər naziri və hökumətin başqa üzvlərinin imzaladığı sənədlər istənilən vaxt ləğv edilə bilər. Nazirin istefası, ərizəsinin qəbul edilməməsi İran hakimiyyətindəki gərginlik və problemləri bir daha aşkarladı. Tehranla Qərbin anlaşa bilməməsi səbəblərindən vacibi elə ölkəni idarə edənlər arasında səlahiyyət bölgüsü problemidir. Başqa sözlə, Qərb İranla danışıqları kimlə aparmalıdır?

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi