Yuxarı
    Bağlamaq

    ​"Zəmanə uşaqları", yoxsa tərbiyədə qüsur? - AKTUAL

    Valideynə necə müraciət etməli?

    "Ata-ana" deməyi öyrənməyənlər...

    Cəmiyyət formalaşmaqda olan bir toplumdur. İnkişaf etməkdə olan cəmiyyət onu təşkil edən quruculardan asılı olaraq istiqamət götürür. Müsbət və ya mənfi yön alır.

    Formalaşmaqda olan cəmiyyətin daha kiçik modeli ailədir. Ailənin güzgüsü sayılan övlad isə gələcək cəmiyyətin hansı yöndə formalaşacağından xəbər verir. İnkişafın müsbət istiqamət alması üçün isə uşağın tərbiyəsinə ciddi önəm verməliyik. Çox vaxt onların əhəmiyyətsiz sayılan bəzi hərəkətləri belə gələcəkdə düzgün fərd kimi formalaşmalarına ciddi zərbə vura bilər.

    Valideynə necə müraciət etməli?

    Günümüzdə ailələrdə tez-tez rast gəlinən hallardan biri də hələ təzəcə dil açan körpənin öz valideyninə "ana", "ata" kimi yox, onların öz adları ilə müraciət etmələridir. Lakin bir çox valideynlər bu məqama önəm vermirlər. Aparılan sorğulardan belə məlum olur ki, əhali arasında son zamanlar bu kimi davranışlara çox tez-tez rast gəlinir. Onların əksəriyyəti bunu normal qəbul edərək, belə övladları "zəmanə uşaqları" adlandırırlar. Hətta normal sayıb, onların zəmanəyə uyğun hərəkət etdiklərini vurğulayırlar.

    Yaşlı nəslin nümayəndələri isə övladların valideynlərini, hətta bəzən nənə-babalarını, xala-bibilərini belə öz adları ilə çağırmalarını heç də müsbət qarşılamırlar.

    Gənc nəslin nümayəndələri arasında isə bu məsələyə yanaşma nisbəti yarıbayarıdır.

    "Ata-anaya adı ilə müraciət etmək valideynin nüfuzunu zədələyir"

    Psixoterapevt Şəbnəm Sadıqova sözügedən məsələ ilə bağlı bildirib ki, uşaqlar valideynlərinin davranışlarından nümunə götürürlər: "Məsələn, atasının səs tonuyla anasına, yaxud anası kimi atasına öz adları ilə səslənə bilərlər. Valideynlərin verdikləri ilk reaksiya gülümsəməkdən ibarətdir. Bu, əksər valideynlərin çox xoşuna gəlir, sanki qürurlanırlar. Amma bilməlidirlər ki, həmin an verəcəkləri reaksiya uşaqların gələcək davranışlarına mühüm təsir edir. Əgər həmin an "mən sənin ananam və ya mən sənin atanam, məni niyə belə çağırırsan, bu heç də doğru hərəkət, doğru davranış deyil" kimi sözlər desələr, uşaq artıq bunun düzgün olmadığını anlaya bilər. Uşağımızın bu gün ana və ya atasına öz adı ilə səslənməsi gələcəkdə onun nüfuzunun bir növ zədələnməsinə səbəb olar".

    Ş.Sadıqovanın sözlərinə görə, əgər valideynlərin nüfuzu uşağın yanında zədələnirsə, gələcəkdə çox böyük ehtimalla, uşaq valideynlərinin sözünə baxmayacaq, onlara təcrübəli şəxs kimi yanaşmayacaq: "Bu kimi hallarda təbii ki, valideynlə uşaq arasındakı münasibətlər sistemi zədələnəcək. Ona görə də valideynlər bu cür hallara gərək diqqət etsinlər ki, həm nüfuzlarıqorunsun, həm də valideynlə uşaq arasındakı münasibət düzgün qurulsun. Uşağın təzəcə dil açmağa başlayanda "ana" və "ata" deməyi onun qohumluq bağlarının möhkəmlənməsinə səbəb olur. Uşaq "ana" dediyi zaman onların arasında doğmalıq, qohumluq duyğusu yaranır. Valideynini adı ilə çağırdıqları zaman isə uşaqda biganəlik, soyuqluq, hətta məsuliyyətsizlik kimi duyğular formalaşa bilər".

    "İslama görə övlad Allahın əmanətidir"

    İslam dinində də ailə bağları ön plana çəkilir. Məhəmməd peyğəmbər valideyn-övlad münasibətinə xüsusi önəm verərək, övladların Allahın əmanəti olduğunu, onlarla davranışda ən xırda detalları belə gözdən qaçırmamağı tövsiyə edir. Eləcə də uşaqların tərbiyəsinə təsir edə biləcək bütün hallardan çəkinərək, Allahın əmanətinə xəyanət etməməyi bildirir.

    Elə isə zəmanəmizin bizi hansı istiqamətə, səmtə aparmasından asılı olmayaraq, milli-mənəvi dəyərlərimizi, etik qaydalarımızı, sağlam psixikamızı, məntiqli düşüncə tərzimizi qoruyaraq ilk addımlarımızı sağlam şəkildə atmağı öyrənməliyik. Bunun üçün heç də övladımızda, ailəmizdə, ən əsas özümüzdə "zəmanə təsiri" düşüncəsini formalaşdırıb, itirilməyə doğru getməyək. Zamanın ucsuz-bucaqsız burulğanında itirməyək ki, özümüz də itməyək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi