Zəfər Günü - Cənubi Qafqaza açılan sülh, əmin-amanlıq yolu

Zəfər Günü - Cənubi Qafqaza açılan sülh, əmin-amanlıq yolu Azərbaycan tarixində çoxsaylı şanlı, fəxr ediləsi günlər var.
Analitika
238
8 Noyabr , 2021 10:46
Zəfər Günü - Cənubi Qafqaza açılan sülh, əmin-amanlıq yolu

Azərbaycan tarixində çoxsaylı şanlı, fəxr ediləsi günlər var. Ancaq milli dövlətçiliyimiz tarixində düşməni döyüşlə torpaqlarımızdan qovmaq hadisəsi çox azdır.

103 il əvvəl müstəqilliyinə qovuşan ölkəmizin tarixində noyabrın 8-i Zəfər Günü kimi qeyd edilir. Həmin gün işğalçı Ermənistanın Azərbaycan torpaqlarından qovulması və düşmənin kapitulyasiya aktını imzalamasının bir illiyidir. Bu Zəfər xeyrin şər, həqiqətin yalan, doğrunun saxtakarlıq, qanunun qanunsuzluq, quruculuğun dağıdıcılıq, insanlığın vəhşilik, haqqın haqsızlıq və başqa yaxşı əməllərin pisliklər üzərində qələbə çaldığı gündür.

Ermənistan 30 ilə yaxın idi havadarları ilə birlikdə Azərbaycan torpaqlarını işğal altında saxlamışdı. İşğalçının pis niyyətini həyata keçirmək məqsədilə Azərbaycana qarşı şəri dəstəkləyənlərdən ibarət blok belə formalaşmışdı. 44 günlük müharibə zaman bunlar bir daha açıq-aşkar göründü. Zəfər Gününün işığı qaranlıqda şər işlər görənlərin əməllərini, Azərbaycan torpaqlarında gözü olanların fəaliyyətini aydınlatdı. Azərbaycanı sevənlər 44 günlük savaşda ona dəstək verdilər. Dostları və müttəfiqləri Zəfər Gününün sevincini Azərbaycanla birgə yaşadı. Qələbə paradında Azərbaycanın yanında durdular.

Bu gün Azərbaycan ictimaiyyətinə öz dövlətinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini qorumağın, bu istiqamətdə mübarizənin sevincini yaşatdı. Azərbaycan gəncliyi Vətən müharibəsində şirin canlarını qurban verməklə sonrakı nəsillərə örnək oldular. Zəfər Günü Azərbaycanın ərazi bütövlüyünün təmininin, azadlığın böyük sərvət olduğunun fərəh və qürurunu yaşatdı.

Bəs Azərbaycan niyə torpaqlarını hərb yolu ilə azad etdi? Torpaqlar sovetlər dağılandan sonra yaranan qarışıqlıq zamanı işğal olunmuşdu. O zaman Ermənistana havadarlıq edənlər bu işğalın baş tutması və ərazilərin ermənilərin nəzarəti altında qalması üçün bütün pisliklərə əl atdılar. Onlar Qarabağ və ətraf rayonlardakı tikililərin, evlərin inzibati binaların, xəstəxana, muzey, uşaq bağçaları və dini-tarixi məskənlərin daşını daş üstə qoymadılar. Bu ərazilərdən narkotik bitkilərin yetişdirilməsi və narkotik maddələrin qanunsuz dövriyyəsi üçün qonşu dövlətlər belə istifadə edirdi.

Ermənistanda hakimiyyətə gələnlər isə Azərbaycanın yeni-yeni ərazilərini işğal etmək niyyətlərini gizlətmirdilər. Ermənistan bu planını reallaşdırmaqla Azərbaycanı məcbur etmək istəyirdi ki, Qarabağı güzəştə getsin. 30 illik danışıqlar, Ermənistanın gündən-günə artan ərazi iştahası, beynəlxalq vəziyyət və ermənilərin davranışlarına vasitəçilərin laqeyd münasibətləri Azərbaycanı əks-hücum əməliyyatı keçirməyə vadar etdi. İşğalçı torpaqlardan qovuldu.

Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi 44 günlük əks-hücum əməliyyatı Şuşa da daxil olmaqla, Qarabağın və ətraf rayonların azad edilməsi, haqqın qələbəsi, Zəfər Günü ilə nəticələndi. Ermənistan ətrafında yaradılan köpük, güclü kimi təqdim edənlərin üfürdüyü şar Azərbaycan əsgərinin həmləsi ilə ay yarıma boşaldı. Ermənistan və ermənilik 2020-ci il noyabrın 9-da kapitulyasiya aktına imza atdı. Bu, Azərbaycan cəmiyyətinin də qələbəsi idi. O, dünyaya birlik nümayiş etdirdi. Azərbaycan vətəndaşları sübut etdi ki, dövlətçilik məsələsində tərəddüdsüz bir yerdədirlər. Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla, bütün siyasi qüvvələr, ictimai təşkilatlar, ayrı-ayrı nüfuzlu şəxslər torpaqların işğaldan azad edilməsi uğrunda birgə fəaliyyət göstərməklə cəmiyyətin parçalanmasının mümkünsüzlüyünü göstərdilər. Düşmən döyüş bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Goranboy, Mingəçevir, Ağcabədi və Bakı ətrafına raket və bomba atmaqla dinc sakinlər arasında vahimə yaratmağa cəhd göstərsə də, bu pis niyyəti alınmadı. Cəmiyyətin birliyi xaosun baş tutmasına imkan vermədi. Azərbaycan Ali Baş Komandanı qətiyyəti, güclü ordusu, müasir hərbi texnikası, əhatəli diplomatik fəaliyyəti və cəmiyyətinin birliyi nəticəsində qələbə qazandı.

Zəfər Günü Cənubi Qafqazda bütün istiqamətlər üzrə yeni şərait yaradıb. Azərbaycanın Qələbəsi ilə regionda təhlükəsizliyin təmin olunmasına ümidi artırıb. Cənub Qafqazın təhlükəsizliyi həm də beynəlxalq sülh üçün töhfəyə çevrilib. Azərbaycanın Zəfəri region dövlətləri və bölgədə marağı olan güclərin əməkdaşlıq etməsinə şərait yaradıb. Bir daha təsdiqləndi ki, işğalçı, dağıdıcı siyasət yürüdən Ermənistan regionun inkişafına mane olur. Bu tip fəaliyyətin qarşısını isə Azərbaycan qələbəsi ilə ala bilib.

Zəfər Günü Azərbaycanı beynəlxalq ictimaiyyətə bir daha tanıtdırdı. Azərbaycan beynəlxalq arenada torpaqları, ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizə aparan bir dövlət olaraq hörmətə layiq yer tutdu. Zəfər Günü onun beynəlxalq nüfuzunu və hörmətini artırdı.

Azərbaycan torpaqlarını beynəlxalq hüquq və normalar əsasında azad edib. Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni yox saymaqla hüququn aliliyini tapdayırdı. Azərbaycan Zəfəri ilə beynəlxalq hüquq və normalarının, BMT Təhlükəsizlik Şurasının nüfuzunun artmasına yardım etdi. Ermənistan və onu dəstəkləyən şər bloku 30 ilə yaxın beynəlxalq hüquqa məhəl qoymurdu. 8 Noyabr həm də hüququn aliliyinin qorunduğu, onun Zəfər çaldığı gündür.

Münaqişələr beynəlxalq təhlükəsizliyi təhdid etdiyi qədər regionun inkişafını da əngəlləyir. Zəfər Günü Cənubi Qafqazda yeni münasibət və əlaqələr üçün 3+3 formatında əməkdaşlıq şəraiti yaradıb. Bu həm bölgənin, həm də aparıcı aktorların maraqlarının təmini baxımından da əhəmiyyətli formatdır.

Zəfər Günü Cənubi Qafqaza sülh və əmin-amanlığın yolunu açıb. Azərbaycan torpaqlarını işğalçıdan və separatçılardan təmizləməklə qondarma status iddiasına düşənlər üzərində də qələbə çaldı. Zəfər Günü həm də regiona sülh, əmin-amanlıq və rifah arzulayanların bayramıdır. Bayramımız mübarək!

Son xəbərlər

Orphus sistemi