Bakı. 2 aprel. REPORT.AZ/ "Yəməndə təriqətlərarası düşmənçilik heç vaxt olmayıb. Ölkədə ənənəvi olaraq islamın sünni məzhəbinin şafii, şiəliyin zeydi təriqətinin təmsilçiləri var. Onların arasında indiyə kimi heç bir qarşıdurma olmayıb. Ancaq Yəmən cəmiyyəti çox dindardır".
Bunları "Report"a bir zamanlar Yəməndə işləmiş, Bakı Dövlət Universiteti tarix fakültəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Rafiq bəy İsmayıl söyləyib.
Onun sözlərinə görə, indiki hadisələrin baş verməsi üçün Yəməndə bazanın yaranması səbəbləri var. Rafiq bəyin fikrincə, ölkədə bir neçə qüvvə arasında mübarizə gedir: "Bura legitim hakimiyyət, "əl-Qaidə" və husilər daxildir. Yəməndəki şiələr həmişə zeydi olub. Husilər də bu təriqətin təmsilçiləridir. Bununla belə, husi liderlərinin başçısı olmuş Bədrəddin Hüseyn Məhəmməd əl-Husi Tehranda, Nəcəfdə, Livanda yaşayıb, müəyyən mənada cəfəriliyin təsiri altına düşüb. O, öləndən sonra husilərə oğlu Hüseyn əl-Husi rəhbərlik etməyə başladı. O da atası kimi İranda dini təhsil alıb. Dini cəhətdən savadlı adam olub. O vaxtlar gəncləri ətrafına toplamağı bacardı. Hətta 1993-cü ildə "Hizbut Haqq" təşkilatı yaradaraq parlamentə də seçilmişdi. 1997-ci ildə parlamentdən çıxaraq siyasi fəaliyyətlə məşğul olmağa başladı. 2004-cü ildə onu öldürdülər. İndi bu hərəkata qardaşı Əbdülmalik əl-Hüsi başçlılq edir".
Rafiq bəy husilərin siyasi proqramının və hədəflərinin məlum olmadığını da vurğulayıb. Onların fəallaşmasına səbəb kimi bölgədə gedən prosesləri, eləcə də "ərəb inqilabı"nı göstərdi.
O, Yəməndə hadisələrin baş verməsinə səbəb olan amilləri aşağıdakı kimi sıralayıb:
1.İqtisadi gerilik, yoxsulluq;
2.İşsizlik;
3.Gənclərin çoxluğu və onların məşğulluğunun az təmin edilməsi;
4.Cəhalətin güclü olması;
5.Demokratik, dünyəvi düşüncəli insanların az olması;
6.Cəmiyyətin çox dindar olması;
7.Dövlət hakimiyyətinin tayfa hakimiyyətindən zəif olması;
8.İctimai və milli şüurun çox aşağı səviyyədə mövcudluğu.
Rafiq bəy deyib ki, dövlətin taleyini klassik qəbilələr şurası həll edir: "Bu, Yəmən üçün təbii haldır. Ölkənin himnində "Mən yəmənliyəm, haqqımda dağlardan soruş" deyilsə də, Yəməndə millətləşmə prosesi çox zəifdir. Qəbilə-tayfa mənafeləri dominantdır. Bu gün tayfa münasibətlərinin gündəliyə gətirilməsi də bununla bağlıdır. Onu da vurğulamalıyam ki, bu ölkədə təriqətlərarası münaqişə olmayıb. Hazırda bundan da istifadə edilir".
Yəməndə xarici güclərin toqquşan siyasi mənafelərindən danışan R.İsmayılın sözlərinə görə, bu ölkə iqtisadi cəhətdən İrana lazım deyil: "Yəmən Tehrana ideoloji yöndən gərəklidir. Səudiyyə Ərəbistanı isə sərhədləri boyu husilərin hakimiyyəti altında olan bir dövlətin olmasını istəmir. "Əl-Qaidə" isə yerli islamçılarla toqquşur. Türkiyə bölgədə İranın bu sayaq güclənməsini istəmir. İranın ABŞ-la yaxınlaşması fonunda Rusiya İranın Yəmənlə bağlı mövqeyinə qarşı çıxır. Başqa ərəb dövlətləri isə birmənalı şəkildə təriqət hakimiyyətinə qarşı çıxmaqla yanaşı, indiki prezident Abdurabbu Mənsur Hadini müdafiə edirlər".
"Report"un "Yəmənlilərin yaxşı yaşamağa imkanı varmı" sualını o belə cavablandırıb: "Yəmən əhalisi dindar olduğundan aza qane olmaq ruhunda tərbiyə olunub. Buna ölkənin iqtisadi imkanları da az təsir göstərməyib. Ancaq son illər ölkədə neft və qazın aşkarlanması sosial tələblərə də təsirsiz ötüşməyib. Ölkə əhalisi ənənəvi olaraq kənd təsərrüfatı, özəlliklə heyvandarlıqla məşğul olub, qəhvə yetişdirib və s. Əhalinin sayı artsa da, məhsuldarlıq artmayıb. Bu da cəmiyyətin yoxsullaşması və başqa problemlərin yaranmasına səbəb olub.
"Yəmən" sözü ərəbcədən tərcümədə "Xoşbəxt ölkə" demək olsa da, bu cəmiyyət dünyanın ən yoxsul yaşayan 10-15 dövlətindən biridir", - Rafiq bəy vurğulayıb.