Yuxarı

Yalançı radikallar üçün yeni mentor - Müxalifəti söyən Əli İnsanov "ağsaqqallığa" başladı

Yalançı radikallar üçün yeni mentor: Müxalifəti söyən Əli İnsanov

Noyabrın 5-də Müsavat Partiyasının qərargahında siyasi partiya liderlərinin və siyasətçilərin iştirakı ilə dəyirmi masa keçirilməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Belə ki, Müsavat Partiyasının başqanı Arif Hacılı, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və sabiq səfir Hikmət Hacızadənin iştirak etdiyi tədbirdə keçmiş səhiyyə naziri 73 yaşlı Əli İnsanovun olmasını cəmiyyət qəbul etmədi.

“Vorzakon“lar məclisi

Yəqin elə cəmiyyətin qəbul etməməsi səbəbindəndir ki, dərhal sosial şəbəkə istifadəçiləri dəyirmi masa ilə bağlı müxtəlif kapslar və videoroliklər hazırlayaraq yaydı. Həmin kaps və videolarda dəyirmi masaya yığışanları gah bir-birilə hesablaşmağa yığılan “vorzakon“lara, gah da “Kurtlar vadisi” serialının obrazlarına bənzədirdi…

Müxalifət İnsanovu özünə müəllim seçib

Özü də dəyirmi masada Əli İnsanov görün harda oturmuşdu: sağında Arif Hacılı, solunda İsa Qəmbər. A.Hacılının da hər iki böyründə Əli oturmuşdu: sağında Kərimli, solunda İnsanov.

Nəzərə alsaq ki, A.Hacılı hələ belə bir tədbirin keçiriləcəyi barədə anonsu verərkən İnsanovun adını birinci yazmışdı, deməli İnsanovu öz böyründə oturtması da təsadüfi deyildi. Sanki müxalifət Əli İnsanovu özü üçün mentor, müəllim, ağsaqqal seçib.

Halbuki bu adam həbsə düşənə qədər müxalifəti söyür, təhqir edir, İsa Qəmbəri “genetik xəstə” adlandırırdı.

Hər fürsətdə mətbuat nümayəndələrini də təhqir edirdi. Müsavat Partiyasının qərargahında keçirilən toplantıdan sonra açıqlama verəkən də İnsanov az qalmışdı mətbuat nümayəndələrinə hücum etsin. Sabiq nazir jurnalistlərin suallarına gah “düz deyirlər”, gah “bu barədə danışmışam” kimi cavablar verir, gah da mətbuat nümayəndələrinin sözlərini eşitməzliyə vururdu.

Meydana gəlsin, gəlməsin?

Əli İnsanovun dəyirmi masa faciəsinə qədər radikal müxalifətin ən biabırçı hadisəsi oktyabrın 31-də baş vermişdi. Həmin gün Əli Kərimli biçarə görkəmdə canlı yayıma çıxaraq “mitinqi təxirə salırıq” demişdi. Həmin günə qədər “biz meydana gəlirik, siz də gəlin” deyən Kərimli qəfildən 180 dərəcə dönmüş və müxtəlif bəhanələr gətirərək aksiyanın ləğvini elan etmişdi.

Bu cür liderlərə xalq necə inana bilər? Əlbəttə, inanmır. Xalq gözəl bilir. İndi AXCP, Milli Şura, Müsavat Partiyası kimi təşkilatların azsaylı sıravi üzvlərinin də hipnozdan ayılmaq vaxtıdır.

P.S. Bu gün Müsavat başqanlığına sabiq namizəd Yadigar Sadıqlı "facebook"da Ə.İnsanovun partiya qərargahında çəkilmiş maraqlı bir fotosunu paylaşmışdı. Fotoda İnsanov Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin divardakı şəkli fonunda durmuşdu. Əlbəttə bu, bir müsavatçının həmin dəyirmi masaya ironiyası idi. Doğrudan da, çox ironik bir durumdur...


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi