Yuxarı

Vitrində göstərilən qiymətlə qəbzdəki qiymət fərqlənərsə... - ARAŞDIRMA

Dövlət orqanları belə halda sahibkarı 1500 manat cərimələyə bilər

Bakı. 19 fevral. REPORT.AZ/ Ötən ilin sonu Azərbaycan manatının ikinci devalvasiyası ilə bağlı baş verən qiymət dəyişmələri səbəbindən dərmanların satış qiymətlərində müəyyən problemlər meydana çıxıb. Bəzi hallarda pərakəndə satış məntəqələrində məhsulun üzərində yazılan qiymətlərlə qəbzdə göstərilən qiymətlərin arasında uyğunsuzluqlar müşahidə olunur. Bu da satıcı və alıcılar arasında münaqişələrin yaranmasına gətirib çıxarır.

"Report" mövcud problemi bir neçə şəxsin problemlə bağlı ünvanladığı şikayətlər əsasında araşdırıb. Şikayətçilərdən biri, Bakı şəhər sakini Xəqani Həsənov bildirib ki, Bakıda fəaliyyət göstərən apteklərdən birində alınan dərmanların üzərində olan qiymətlə müqayisədə qəbzdə artıq məbləğ qeyd olunub. 

     

Alıcı buna fikir vermədən deyilən məbləği ödəyib. Bundan isə evə gəldikdən sonra xəbər tutub: "Dərmanların üzərində qiymətlər qeyd olunmuşdu. Çay 3 manat 11 qəpik, sirop 15 manat 70 qəpik, imalə qurğusu (klizma) isə 80 qəpik idi. Kassaya yaxınlaşanda 27 manat 46 qəpik ödəməli olduğumu dedilər və ödəniş etdim. Qiymətlərin uyğunluğu ilə bağlı həmin vaxt qəbzə fikir vermədim. Evə gəldikdən sonra ailə üzvlərim dərmanların üzərində yazılan qiymətlə qəbzdə göstərilən qiymətlərin uyğun gəlmədiyini dedilər. Çünki dərmanların üzərinə yazılan qiymətləri topladıqda 19 manat 61 qəpik edir. Belə çıxır ki, aptek məndən 7 manat 85 qəpik artıq pul alıb".

Alıcı aptekin ona verdiyi qəbzi götürərək yenidən ora qayıdıb: "Satıcıya bunun səbəbini soruşduqda mənə kobud cavab verdi. Onlara dərmanların fakturasının çıxarılmasını tələb etdim. Qiymətlərin fərqli olması ilə bağlı qəbzə dərmanların yeni qiymətlə vurulduğu əsas gətirildi". 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Report"a açıqlamasında bu kimi vəziyyətdə lazım olan atılmalı addımları göstərib: "İstehlakçı əgər vitrindəki qiymətlə son çıxışdakı qiymətdə fərq görürsə, onun hüququ var ki, vitrində gördüyü qiyməti ödəsin. Əlbəttə, bu zaman kassir istehlakçının tələbini inkar edir. Belə olan halda istehlakçı mütləq aptekin və ya dükanın sahibini tapmalı və iradını bildirməlidir. Bizə daxil olan şikayətlər onu göstərir ki, rəhbər şəxs adətən qiymətləri səhv saldığını bəhanə gətirir. Bu zaman sual meydana çıxır ki, niyə vitrindəki qiymət heç vaxt kassada göstərilən qiymətdən yuxarı olmur? Bu da təbii ki, istehlakçının aldadılmasıdır".

E.Hüseynov deyib ki, istehlakçı özünün iştirakı ilə mütləq şəkildə qiymətin dəyişdirilməsinə təşəbbüs göstərməlidir: "Əgər buna imkan yaradılmazsa, o zaman vətəndaşlar İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, eləcə də Baş Prokurorluğu Korrupsiyaya qarşı Mübarizə İdarəsində yaradılan 161 nömrəli "Qaynar xətt"inə, yaxud 441-28-33 nömrəsi ilə AİB-ə məlumat verə bilərlər. Bizə ərizə yazaraq vəziyyətə nəzarət etməyimizə yardımçı olarlar. Onu da xatırladım ki, dövlət orqanları belə halda sahibkarı 1500 manat cərimələyə bilər". 

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev "Report"a açıqlamasında məsələnin araşdırıldığını və istehlakçının hüququnun təmin edildiyini bildirib: "Şikayətçi bizimlə danışaraq tələbinin yerinə yetirildiyini bildirdi. Yəni, ondan alınan artıq pul geri qaytarılıb. Əməkdaşlarımız məsələni araşdırıb və şikayət öz təsdiqini tapdığından istehlakçının hüquqları təmin edilib".

Nazirliyin sözçüsü qeyd edib ki, bu kimi məsələlər nazirliyin daim nəzarətindədir: "Lakin vətəndaşların da öz hüquqlarını bilməsi çox vacibdir. Ona görə də alınan malların qiymətinə anında baxmaq lazımdır. Yəni, istehlakçı nə qədər fəal olsa, onların hüquqları daha çox qorunacaq".

Şikayətçi Xəqani Həsənov da "Report"a açıqlamasında pulun ona geri qaytarıldığını təsdiqləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi