Yuxarı

Politoloq: "Venesuela böhranı Maduronun populist siyasətinin nəticəsidir" - RƏY

Bakı. 6 fevral. REPORT.AZ/ "Venesuelada baş verən fəlakət vaxtilə mərhum prezident Huqo Çavesin, daha sonra da onun adamı olan hazırkı dövlət başçısı Nikolas Maduronun səbatsız, populist siyasətinin məntiqi nəticəsidir".

Bunu “Report”a Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müdavimi, politoloq Mustafa Qurbanlı deyib.

Onun sözlərinə, bütün bunlar üzündən olduqca zəngin təbii ehtiyatlara malik ölkənin acınacaqlı hala gətirildiyini vurğulayıb.

“Ölkədə 300 milyard barelədək təsdiqlənmiş neft ehtiyatları var, bu göstəriciyə görə Venesuela dünyada birinci yerdədir. Nəhəng iqtisadi potensiala malik ölkənin 2018-ci ildə xarici borcu 100 milyard dolları ötüb, 32 milyonluq əhalinin qızıl və valyuta ehtiyatları isə heç 10 milyard dollar deyil. Sadalananlar bir daha göstərir ki, hökumət uzaqgörən, səmərəli siyasət yeritmirsə, hətta dünyanın ən böyük neft ehtiyatlarına malik ölkə belə tənəzzülə uğrayacaq”, – ekspert bildirib.

Mustafa Qurbanlı

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müdavimi, politoloq Mustafa Qurbanlı

"Kənar qüvvələrin Venesuelanın daxili işlərinə qarışması qəti yolverilməzdir. Onlar özləri vəziyyəti saf-çürük etməlidirlər"

O, mövcud vəziyyətdən çıxmağın yeganə çarəsinin populizmi kənara qoyaraq köklü siyasi və iqtisadi islahatlara başlamaqdan, xalqla hakimiyyət arasında birbaşa dialoq qurmaqdan ibarət olduğunu diqqətə çatdırıb: “Kənar qüvvələrin Venesuelanın daxili işlərinə qarışması qəti yolverilməzdir. Onlar özləri vəziyyəti saf-çürük etməlidirlər. Yalnız bu şərtlə problemlərə həqiqi çözüm tapıla bilər”.

Politoloqun fikrincə, xarici ölkələrin Venesueladakı daxili proseslərə təsir göstərmək cəhdləri benyəlxalq münasibətlərdə mənfi presedent yarada bilər: “Venesuelalılara öz problemlərini yoluna qoymaq sərbəstliyi verilməlidir. Yalnız belə olan halda sabit, firavan cəmiyyət qurmaq mümkün olar. İnşallah, Venesuelada ağıl qalib gələr, ölkə vətəndaş müharibəsi girdabına yuvarlanmaz. Buna ümidvaram. Lakin bunlar baş verərsə, Venesueladakı sabitsizlik, qaçqın dalğası bütün regiona mənfi təsir göstərəcək. Hər şeylərini itirmiş insanların üz tutduğu qonşu ölkələrdə kriminal vəziyyət də kəskin pisləşəcək. İndi 4 milyondan çox venesuelalı vətənlərini tərk edib, bunun da fəsadları regonda özünü göstərir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi