Yuxarı
    Bağlamaq

    Valyutadəyişmə məntəqələrinin açılması manatın məzənnəsinə təsir edəcək

    Qara bazarın fəaliyyəti ləğv olunacaq

    Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü - valyuta mübadiləsi fəaliyyətinin yaradılması məqsədi ilə “Valyuta tənzimi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb. "Report" xəbər verir ki, təklif edilən dəyişikliklər nəticəsində valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən təşkilati, texniki təchizat, təhlükəsizliyə dair tələblər, uçotun, hesabatın, sənədləşmənin vahid formaları, onların müddətləri, habelə həmin fəaliyyəti göstərəcək obyektlərin yerləşəcəyi ərazilər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən ediləcək.

    Qeyd edək ki, hazırda valyutanın alışı və satışı Mərkəzi Bankın (AMB) müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsilə həyata keçirilir. Xarici valyutanın alqı-satqısı əqdləri bilavasitə müvəkkil banklar arasında, eləcə də AMB-nin maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla müəyyən etdiyi qayda və şərtlər daxilində fəaliyyət göstərən valyuta birjaları vasitəsilə həyata keçirilə bilər. Müvəkkil bankların iştirakı olmadan xarici valyutanın alınması və satılmasına icazə verilmir.

    "Report"un analitik qrupu bildirir ki, qanun layihəsi qəbul edləcəyi təqdirdə nağd valyuta bazarında valyutadəyişmə məntəqələrinin rahat şəkildə açılması mümkün olacaq. Bu, nağd valyuta bazarında rəqabəti gücləndirəcək və valyutanın alış və satış məzənnələri arasında spredi aşağı salacaq. Nəticədə, "qara bazar"da valyuta alqı-satqısının qarşısı təbii üsulla alınacaq. Valyutadəyişmə məntəqələri məzənnə spredini azaldaraq və lazımi bölgələrdə fəliyyət göstərməklə buna nail olacaq.

    Analitik qrup bildirir ki, valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpası yeni iş yerlərinin açılması ilə bərabər birinci mərtəbədə yerləşən ofislərə tələbatı da artıracaq. Qanun layihəsi vergi ödənişlərinin də həcminin artmasına gətirib çıxaracaq. Lakin, qanunun qəbul edilməsi kommersiya banklarının gəlirlərinin zəifləməsinə səbəb olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi