Yuxarı

Ekspert: "Azərbaycanla Ukrayna arasında enerji əməkdaşlığı bundan sonra daha da güclənəcək"

Ukraynanın yeni Prezidenti dövründə xarici siyasət necə olacaq

Ukraynanın qarşıdakı xarici siyasəti Prezident Administrasiyasının yeni heyətindən və Xarici İşlər nazirinin kimliyindən asılı olacaq.

Bu barədə “Report”a Ukraynada keçirilən Prezident seçkilərində Viladimir Zelenskinin qalib gəlməsindən sonra xarici siyasətdəki mümkün dəyişikliklər barədə şərh verən Ukrayna Analitik Mərkəzinin direktoru Aleksandr Oxrimenko bildirib.

“Avropa, NATO, Avropa İttifaqı istiqamətlərindəki xarici siyasət dəyişməyəcək. Yeni hökumət gəlsə belə, istiqamət əvvəlki kimi qalacaq”, - ekspert qeyd edib.

Rusiya ilə gələcək münasibətlərə toxunan ekspert bu yöndə nələr baş verəcəyinin hələlik müəmmalı qaldığını dilə gətirib: “ Zelenski müxtəlif bəyanatlar verib, gah dostluq tərəfdarı olduğunu deyib, gah da başqa şey danışıb. Onun seçki qərargahının son bəyanatında isə münasibətləri bərpa etməyin zəruri olduğu qeyd olunurdu. Hərçənd bu, onun yox, qərargah üzvlərinin sözüdür. Ümumiyyətlə, qərargah üzvləri Zelenskidən daha konkret danışırlar”.

Ukraynalı ekspert yeni dövlət başçısı dövründə xarici siyasət barədə ehtimal qurmaq üçün Prezident Administrasiyasına kimlərin gələcəyini bilməyin zəruri olduğunu qeyd edib: “Birincisi, Zelenskinin Xarici İşlər naziri vəzifəsinə kimin namizədliyini irəli sürəcəyi maraq kəsb edir. Hazırkı nazir Pavlo Klimkinin əvəzlənəcəyi gözlənilir. Bəlkə də, elə bir Rusiya əleydarı xadimi təyin edə bilər ki, Moskva məəttəl qalar”, - politoloq ehtimal edib.

“Zelenskinin bir mühüm üstünlüyü var. Ağappaq vərəq kimidir, yəni Poroşenkodakı kimi ayıbları olmadığından onu nədəsə ittiham etmək də olmur”, - deyən ekspertin fikrincə, andiçmə mərasimindən dərhal sonra yeni Prezident Paris, Berlin kimi Avropa paytaxtlarına səfərə çıxaraq yürüdəcəyi xarici siyasətin başlıca istiqamətini büruzə verəcək.

V.Zelenski Prezident seçiləndən sonra Ukrayna ilə Azərbaycan arasında münasibətlərin inkişafından danışan ukraynalı politoloq iki ölkə arasında enerji əməkdaşlığının daha da güclənə biləcəyini bildirib: “Rusiya Ukraynaya neft ixracatına qadağa qoyub. Azərbaycan isə hazırda Ukraynaya neft ixrac edir. Bu məsələ hərtərəfli düşünülsə, Ukraynanın neft idxalı, ölkədəki emalı və satışı, daha sonra da Avropaya ixracı xeyli arta bilər. Məncə, tərəflərin qarşılıqlı marağı olarsa, burada çox maraqlı işgüzar layihə ortaya çıxa bilər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi