​Ukraynada Konstitusiya dəyişikliyi: alqışlar, etirazlar, tökülən qan - ŞƏRH

​Ukraynada Konstitusiya dəyişikliyi: alqışlar, etirazlar, tökülən qan - ŞƏRH Ukrayna Qərblə Rusiyanın siyasi, geosiyasi maraqlarının bazarlığı predmetinə çevrilib
Analitika
2 Sentyabr , 2015 17:09
​Ukraynada Konstitusiya dəyişikliyi: alqışlar, etirazlar, tökülən qan - ŞƏRH

Bakı. 2 sentyabr. REPORT.AZ/ Avropanın şərqində, Ukraynada silahlı toqquşma davam edir. Bu ölkənin ərazisi işğal olunub, şərqində isə hər gün atəş səsləri eşidilir.

İki gün əvvəl Ukrayna parlamenti desentralizasiya ilə bağlı ölkə Konstitusiyasına təklif olunan dəyişikliklər haqqında layihəni birinci oxunuşda qəbul edib. Buna etiraz edən bir qrup şəxs parlamentin binası qarşısında aksiya keçirib. Həmin mitinqdə güc qurumlarının yüzdən artıq əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. İki asayiş keşikçisinin həyatının itirdiyi haqda xəbər yayılıb. Ölkənin rəsmi şəxsləri onlardan birinin ürəyindən güllə ilə vurulduğunu deyib. Aksiya keçirilən yerdə partlayıcı paketlər, hətta qumbara belə partladılıb.

ABŞ Konstitusiya dəyişikliyini alqışlayaraq parlamentin binası qarşısında iğtişaş törədənləri məsuliyyətə cəlb etməyə çağırıb.

Avropa Parlamenti Ukrayna üçün "vacib bir gün"də Ali Radanın binası yaxınlığında baş verən zorakılıqdan təəssüfləndiyini bildirib. 

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Mogerini isə baş verənlərə belə münasibət bildirib: "Bu prosesə zorakılıq təsir etməməlidir". Onun sözlərinə görə, Ali Radanın binası yaxınlığında baş verən hadisə çox narahatedicidir.

Avropa Şurasının baş katibi Turbyörn Yaqland da dəyişikliyi alqışlayıb. O, Ukraynada islahatlar prosesinin davam etməsinin vacibliyini də bildirib.

Qeyd edək ki, desentralizasiya haqda dəyişiklik təşəbbüsü ölkə prezidenti Pyotr Poroşenkoya məxsusdur. Parlamentdə deputatların 265-i sənədin lehinə, 87-si isə əleyhinə səs verib. Layihənin qəbul edilməsi üçün 226 səs kifayət idi. 

Ali Radanın binası qarşısında aksiya keçirənlər mərkəzdən aralanmaq, asılılığın azalması kimi anlaşılan desentralizasiyaya qarşı çıxıblar. Onlar bu dəyişikliyin Ukraynanın unitarlığına zərbə vuracağını bildiriblər. Çünki bu dəyişiklik vilayətlərin səlahiyyətlərinin genişləndirilməsinə xidmət edəcək.

Ukraynanın şərqində ölkənin ərazi bütövlüyünü pozanlar da bu dəyişikliyə qarşı çıxıb. Rəsmi Moskva isə bu sənədə hələ münasibət bildirməyib.

Ukraynanın ərazisi ilhaq edilib, bir hissəsində də terrorçular "respublikalar" elan ediblər. Bu hadisələrin baş verməsindən ilyarım ötüb. Ərazisi parçalanan və əhalisi silahlı qarşıdurmanın qurbanı olan Ukrayna Qərblə Rusiyanın siyasi, geopolitik maraqlarının bazarlığı predmetinə çevrilib.

Ukrayna prezidenti bir neçə ay öncə vilayətlərin səlahiyyətlərinin genişləndirilməsi haqda danışarkən Krımdan əl çəkməyəcəklərini də vurğulamışdı. Bu baxımdan ehtimal etmək olar ki, rəsmi Kiyev ölkənin ərazi bütövlüyünü Qərb və Rusiyanın maraqlarına qurban vermək niyyətində deyil.

Digər tərəfdən, Kremlə qarşı sanksiyaların sərtləşəcəyi haqda bəyanatlar verilməkdədir. Odur ki, Moskvanın Əsas Qanuna dəyişikliklə "aldanacağı" ağlabatan görünmür.

Ukrayna Konstitusiyasındakı dəyişikliyi bu yaxınlarda keçiriləcəyi ehtimal edilən "Normand dördlüyü" sammitinə hazırlıq kimi də qiymətləndirmək olar. Başqa sözlə, Ukrayna və Avropa həmin görüşə "əliboş" getmədiyini nümayiş etdirir.

Bəs Rusiya? Heç şübhəsiz, Moskvanın ötən gün Ukraynada baş verənlərə həvəssiz yanaşması dəyişikliyin də ürəyincə olmadığını ehtimal etməyə əsas verir.

Rusiya və Qərb anlaşmadığından, Ukraynada yaranmış və yaradılmış problemlər hələ də gerçək həllini tapmayıb. Odur ki, Konstitusiya dəyişikliyinin tərəflər arasında müzakirəsindən sonra atılacaq addımların daha təsiredici olacağı istisna edilmir.

Kiyevdə Maydan hərəkatının ikinci ilinin tamam olmasına az qalmış yenə qan axdı. Bu dəfə Ukraynada hadisələri kimin törətməsindən asılı olmayaraq dövləti qoruyanların qanı töküldü...

Son xəbərlər

Orphus sistemi