Üçtərəfli ​iki görüşə bir baxış - ŞƏRH

Üçtərəfli ​iki görüşə bir baxış - ŞƏRH Azərbaycan da bölgənin fəal oyunçu dövlətidir
Analitika
8 Aprel , 2016 15:17
Üçtərəfli ​iki görüşə bir baxış - ŞƏRH

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttindəki gərginliklə eyni vaxtda xarici işlər naziri Elmar Məmmədyarovun iştirak etdiyi iki görüş Azərbaycanın bölgədəki rolunu xarakterizə edən amillərdəndir.

Qeyd edək ki, bu üçtərəfli görüşlərdən biri aprelin 5-də İslam Respublikasının Ramsər şəhərində keçirilib. Həmin görüşdə Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri iştirak ediblər.

İkinci üçtərəfli görüş isə aprelin 7-də Bakıda gerçəkləşib. Bu tədbirdə isə Azərbaycan, İran və Rusiyanın XİN başçıları iştirak ediblər.

Təmas xəttindəki gərginliklə eyni vaxta düşdüyündən, bu toplantıların nəticələri Azərbaycan ictimaiyyəti üçün maraqlı idi.

Ancaq hər iki diplomatik tədbir əvvəlcədən planlaşdırıldığından, görüşlərin yekununda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi sənədin qəbul ediləcəyi də gözlənilmirdi. Başqa sözlə, diplomatlar atəşkəsin pozulması faktı ilə bağlı yalnız mətbuata ənənəvi açıqlamalar verməklə kifayətləndilər.

Ramsərdə qəbul edilən bəyanatdakı maddələrdən də bu görünür. Həmin maddələrdən bir neçəsinə diqqət yetirək:

- Üç ölkənin xalqları arasında mövcud olan dərin köklərə malik tarixi, dini, mədəni oxşarlıqlar və ümumi dəyərlərin daha güclü həmrəylik üçün xüsusi imkanlar yaratdıqlarına əminliklərini ifadə ediblər;

- İqtisadi-ticari əməkdaşlığı gücləndirmək, sərmayə və ticarətin təşviq edilməsi üçün mövcud potensialdan istifadə etmək, həmçinin, enerji, nəqliyyat, telekommunikasiya, sənaye, təhsil, elm, mədəniyyət, turizm və idman sahələrində birgə layihə və proqramların həyata keçirilməsi yolu ilə əməkdaşlığı daha da inkişaf etdirmək üçün bütün səyləri gücləndirməyi qərara alıblar;

- Təhlükəsizlik və sabitlik baxımından bütün hallarda öz ərazilərinin hər hansı şəxs və ya qrup tərəfindən bir-birilərinə qarşı hər hansı hədə və fəaliyyət üçün istifadə edilməsinə icazə verməyəcəklərinə dair əzmlərini vurğulayıblar;

- Bu xüsusda, yuxarıda qeyd olunmuş prinsiplər əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddətdə həll olunmasının vacibliyini vurğulayıblar;

- Terrorizm, zorakı ekstremizm və separatizmin bütün forma və təzahürləri, transmilli cinayətlər, narkotik maddələr və silahların qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya, eləcə də təriqətçiliyə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə qəti öhdəliklərini xüsusilə qeyd ediblər, İran İslam Respublikasının təşəbbüsü ilə 20 dekabr, 2015-ci il tarixində “Zorakılıq və Zorakı Ekstremizm əleyhinə Dünya” (A/RES/70/109) adlı BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnaməni təqdir ediblər və sözügedən Qətnamənin tam yerinə yetirilməsinə çağırış ediblər".

Göründüyü kimi, sənədin Dağlıq Qarabağla bağlı maddəsində Azərbaycanın ərazi bütövlüyü və Ermənistanın işğalçılığı açıq şəkildə göstərilməyib.

Bu görüşün yekun sənədində iqtisadi əməkdaşlıq məsələləri də vurğulanıb.

Görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxmasını, işğal faktının bölgənin təhlükəsizliyinə mənfi təsir göstərdiyini vurğulayıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə daha çox atəşkəs rejiminə əməl olunmasının vacibliyini söyləməklə kifayətlənib.

Bu baxımdan nazirlərin Ramsər görüşünü daha çox Azərbaycan, Türkiyə və İran arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin davam etdirilməsi ilə bağlı dimplomatik razılaşma kimi də dəyərləndirmək olar.

Qeyd edək ki, növbəti üçtərəfli görüş 2017-ci ildə Azərbaycanda keçiriləcək.

Aprelin 7-də isə Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakıda keçirilən görüşündə üçtərəfli əməkdaşlıq məsələləri, bir sıra regional layihələr, o cümlədən "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi məsələsi müzakirə olunub.

Bu görüşdən sonra Rusiya XİN başçısı Sergey Lavrovun daha obyektiv açıqlamalar verəcəyi ehtimal edilirdi. Ancaq o, Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə bağlı Azərbaycan ictimaiyyətinin Rusiyadan umduğu ədalətli mövqeni nümayiş etdirmədi. Ona görə də demək olar ki, rusiyalı diplomat yenə ümumi deklarativ fikirlər söyləməklə mətbuat konfransını yola verdi: "Biz Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında atəşkəsin elan olunması faktını məmnuniyyətlə qeyd etdik. Rusiya prezidenti Vladimir Putin bu məsələylə bağlı Azərbaycan və Ermənistan prezidentləri ilə birbaşa danışıb. Dağlıq Qarabağda atəşkəs rejiminin qorunacağına ümid edirik".

Sergey Lavrov Avroasiya İqtisadi İttifaqına qoşulacağını ehtimal etməklə Moskvanın Azərbaycanla bağlı arzularını da dilə gətirib.

Ancaq qeyd edək ki, erməni KİV adıçəkilən ittifaqda Ermənistanın fəaliyyətinin dondurulmasını gündəliyə çıxarıb. Azərbaycan üçün həssas məsələ olan ərazi bütövlüyünün təmin olunmadığı halda, Kreml təmsilçisinin bu ehtimalı məsələyə rusca "sadəlövh" yanaşma kimi görünür (rusların atalar sözündə deyilir: "Sadəlövhlük oğurluqdan betərdir").

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda keçirilməsi nəzərdə tutulan zirvə toplantısından danışıb.

Bu həftə keçirilən və Azərbaycan tərəfinin iştirak etdiyi iki üçtərəfli görüşdən aşağıdakı nəticəyə gəlmək olar:

- Azərbaycan da bölgənin fəal oyunçu dövlətidir;

- Türkiyə istisna olmaqla, Rusiya və İran bu sayaq rəsmi görüşlərin yekun sənədlərində Azərbaycan torpaqlarının işğal edilməsini açıq şəkildə bəyan etməkdə hələ də çətinlik çəkirlər;

- Tərəflər iqtisadi əməkdaşlığı genişləndirməkdə daha maraqlı görünüblər;

- Terrorçuluq və buna oxşar fəaliyyətlər pislənib;

- Nəqliyyat və enerji xətləri layihələrinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb;

- Dağlıq Qarabağda atəşkəsin pozulması ilə bağlı sənədin qəbul edilməməsi göstərdi ki, nazirlər ev tapşırığını icra ediblər və s.

Bakıdakı toplantının daha çox prezidentlərin görüşünə hazırlıq məqsədi daşıdığını da ethimal etmək olar.

Beləliklə, hər iki görüşdə Azərbaycan torpaqlarının işğal altında olması, ərazi bütövlüyünün təmin edilməsini əngəlləyən amillər və qüvvələr dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırıldı. Həmin yığıncaqların başlıca əhəmiyyəti də bundadır.

Son xəbərlər

Orphus sistemi